Cəmiyyət 18 Fevral 2022, 14:24 | Baxış sayı: 209
"Kim TIR sürücülərindən üzr istəməsini tələb edə bilər ki? Yəqin ki, onlar könüllü olaraq üzr istəyiblər".

"Vətəndaşların narazılığının vaxtında aradan qaldırılmaması xoşagəlməz vəziyyət yaradır. Nəticədə, vətəndaşlar öz etirazlarını bildirmək üçün qeyri-adi üsullardan istifadə edirlər. Çox təəssüflər olsun ki, vətəndaşlar bəzən qanunları pozaraq, digər insanlara da narahatlıq yaşadaraq həmin məmurlardan şikayətlərini ifadə edirlər".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev ötən gün paytaxtda bir qrup TIR sürücüsünün etirazı ilə bağlı məsələni şərh edərkən deyib.

Deputatın sözlərinə görə, belə halların baş verməməsi üçün hər bir məmur Prezident İlham Əliyevin çıxışlarına diqqətlə qulaq asmalı və başa düşməlidir ki, birinci vəzifə vətəndaşlara gecə-gündüz xidmət etməkdir: "Vətəndaşların, eləcə də sahibkarların problemlərinin həllində məmurlar və bütün vəzifəli şəxslər yaxından iştirak etməlidir. Biz Azərbaycan vətəndaşının narazı qalmamasına çalışmalıyıq. Təəssüf edirəm ki, belə hadisənin şahidi olduq. Lakin ümid edirəm ki, bundan sonra aiddiyyatı şəxslər öhdəliklərini bir daha nəzərdən keçirəcəklər, xalqımıza və dövlətimizə şərəflə xidmət etməyə davam edəcəklər".

N.Həmzəyev qeyd edib ki, həmin sürücülərdən üzr istəmələrinin tələb edilməsi ilə bağlı hər-hansı faktla tanış deyil: "Bu, yanlışdır. Kim onlardan üzr istəməsini tələb edə bilər ki? Yəqin ki, onlar könüllü olaraq üzr istəyiblər. İnanmıram ki, sürücüləri üzr istəmələri üçün məcbur etsinlər. Könüllü olduğu halda isə, əlbəttə ki, üzr istəmək normal qarşılanmalıdır. İnsan səhvini anlayanda üzr istəyə bilər, amma baxır vəziyyətə və şəraitə... İstənilən halda, üzr istəmək qəbahət deyil".

Xəbərlər