Cəmiyyət 2 Dekabr 2021, 16:55 | Baxış sayı: 235
"Kadrlarda görünür ki, sanki onun ətrafında olanlar Tofiq Yaqublunun döyülməsini bayram əhval-ruhiyyəsi ilə qeyd edirdilər".

"Helikopter qəzasında şəhid olmuş hərbçilərin ötən gün keçirilən vida mərasimindən sonra bir qrup şəxsin icazəsiz mitinq keçirməsi təxribat xarakteri daşıyır. Həmin mitinq zamanı Tofiq Yaqublunun döyülməsi ilə bağlı kadrlarla tanış oldum. Kadrlarda görünür ki, sanki onun ətrafında olanlar Tofiq Yaqublunun döyülməsini bayram əhval-ruhiyyəsi ilə qeyd edirdilər. Görünür, bunun kökündə təxribat dayanır. İstənilən halda, Azərbaycan hüquqi dövlətdir və məsələ ilə bağlı rəsmi açıqlama artıq verilib. Araşdırılma aparılacaq və bunu törədənlər, əlbəttə ki, cəzasını alacaq. Maraqlısı odur ki, Tofiq Yaqublunun döyülməsini görənlər bundan, sanki, alət kimi istifadə edə biləcəkləri üçün sevinirdilər".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, həmin şəxslər müqəddəs hissləri belə unudublar: "Lakin şükürlər olsun ki, ötən gün də Azərbaycan xalqı dövləti ilə həmrəylik nümayiş etdirdi və milli birliyini ortaya qoydu. Belə bir gün də belə radikal müxalifət onlar üçün müqəddəs heç nə qalmadığını sübut etdilər. Mitinq keçirmək cəhdi belə şəhid olan hərbçilərin ruhuna hörmətsizlikdir. Şəhidləri, onların valideynlərini incidərək ümumilikdə bütün Azərbaycan xalqının hisslərinə toxunmaq niyyətində idilər. Nəticədə, onlar Azərbaycanda qarışıqlıq yaradaraq dövlətin əldə etdiyi diplomatik uğurlara kölgə salmaq istəyirdilər. Bu, düzgün mövqe deyil və onların anti-azərbaycan mövqeyindən xəbər verir".

Xəbərlər