“Jurnalistlərin özü də bilməlidir ki, nəyi yazmaq olar, nəyi olmaz”
"Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında jurnalistlərin böyük əməyi olub. Bu kimi jurnalistlərin Azərbaycan cəmiyyətinə, onun demokratik proseslərinə ciddi töhfələri var. Onları adını "jurnalist" qoyub digər işlərlə məşğul olanlardan ayırmaq lazımdır. Fikrimcə, Fəzail İbrahimli parlamentdəki çıxışına bu cür jurnalistləri nəzərdə tutub".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, bəziləri adını jurnalist qoyub, ancaq müxtəlif məsələlərlə məşğul olurlar:
"Təbii ki, bunları fərqləndirmək lazımdır. Onların da fərqləndirilməsinin yeganə yolu sizin özünüzün fəalliyətinizdən keçir. Siz özünüz aranızda olan bu cür insanlara qarşı birinci mübarizə aparmalısınız ki, sizin fəaliyyətinizə kölgə salmasın. Neçə illərdir ki, mən jurnalistlərlə təmasdayam. Haqqımda müxtəlif fikirlər, şayiələr səsləndirilir. Onların heç birini məhkəmə ilə keçindirməmişəm. Sadəcə olaraq, düşünmüşəm ki, bunun özü bir prosesdir. Hər halda getdikcə bütün sahələrdə olduğu kimi bu sahədə də əsl jurnalistlər öz fəaliyyətlərini davam etdirəcəklər. Digər "jurnalist"lər isə çıxıb gedəcəklər. Jurnalistlərin özü də bilməlidir ki, nəyi yazmaq olar, nəyi olmaz. İnsanın şəxsiyyəti vacibdir, onun münasibətlərini, fəaliyyətlərini izləmək lazımdır ki, qarşılıqlı əməkdaşlıq olsun. Artıq bu istiqamətdə müsbət irəliləyişlər var. Aramızda tək-tükləri var ki, onlar hər hansı xoşagəlməz gediş yaratmağa çalışırlar. Müxtəlif yazılarla insanların həyatına müdaxilə edirlər. Bəzən şər-böhtan dolu yazılar olur. Hər şeyi düz danışmaq lazımdır! İndi bunlar azdır. Bu gün Azərbaycan jurnalistikası bütövlükdə Azərbaycanın dövlətçiliyinə kifayət qədər ciddi töhfələr verir".