“Jurnalistlərimizə edilən hücuma görə Fransa Azərbaycandan üzr istəməlidir”
“Fransada Azərbaycan Televiziyası əməkdaşlarına hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən vandalizm aktıdır. Rəsmi Paris ölkəsinin sərhədlərini qanuni şəkildə keçmiş şəxslərin, daha da önəmlisi, prosedurlara uyğun şəkildə akkreditə olunmuş media mənsublarının təhlükəsiz formada qanuni peşə fəaliyyətinə təminat verməyə borclu olduğu halda özünün dövlətdaxili hüquq və beynəlxlaq hüquqla müəyyənləşən öhdəliklərini kobud şəkildə pozur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, bu hadisə mütəmadi olaraq siyasi və neokolonial məqsədlər naminə ayrı-ayrı ölkələrdə media azadlığı pərdəsi altında aqressiv davranışlar sərgiləyən, jurnalistlərin, söz və media azadlığının "hamisi" kimi davranan Fransanın riyakarlığını üzə çıxarır:
“İnkişaf etməkdə olan dövlətlərdə, o cümlədən Şərqi Avropa və Qafqazda ən xırda insidenti söz azadlığı kontekstində şərh edib təzyiq mühiti yaratmağa cəhd edərkən Fransaya dəstək verən "Freedom House", ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, "Sərhədsiz reportyorlar" kimi təsisatlar da əslində susmaqla iyrənc siyasi məqsədlərə xidmət etdiklərini göstərməkdədirlər. Belə vəziyyətdən sonra nə bu üzdəniraq media-hüquq təşkilatları, nə də Fransanın media azadlığı barədə danışmağa mənəvi-siyasi haqqı olmamalıdır.
Fransada AZTV əməkdaşlarına hücumun obyektiv cəhətinə gəlincə bu, zor tətbiq etməklə jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmadır və dərhal Fransa dövləti tərəfindən pislənməli, Azərbaycandan üzr istənməli, hücumu törədənlər və əməlin digər iştirakçıları, mümkün təhrikçi və təşkilatçılar məsuliyyətə cəlb olunmalıdır.
Amma bu tələbin reallaşacağı şübhə doğurur. Çünki Azərbaycan Televiziyasının çəkiliş qrupuna hücumun subyektiv cəhətinə diqqət etsək, əslində bu əməl dövlət səviyyəsində islamafob, antitürk, irqçi siyasət yürüdən, bu istiqamətdə açıq cinayətlərdən çəkinməyən Fransa dövlətinin özünün iradəsini ifadə edir. Öz vətəndaşı olan yeniyetməni məhz qeyri millətdən olduğu, fransız olmadığı üçün, irqi ayrıseçkilik zəminində qətlə yetirən Fransa dövlətindən sağlam düşüncə və yanaşma gözləmək yersizdir.
Üstəlik, bizim müxbir və operatora bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının alınaraq sındırılması, kameranı geri tələb edərkən AzTV əməkdaşlarının silahla hədələnməsi bu cinayətin arxasında Fransa dövlətinin özünün dayandığını ehtimal etməyə təkzibedilməz əsas verir.
Parisin sərgiləyəcəyi mövqedən asılı olmayaraq, istənilən halda Azərbaycan tərəfi geri addım atmayacaq və bütün beynəlxalq platformalarda məsələ davamlı olaraq gündəmdə saxlanacaq”.
Bəhruz Məhərrəmov qeyd edib ki, bu hadisə barədə aydın, birmənalı mövqe nümayiş etdirib, vandalizm aktını pisləməyən, araşdırma tələb etməyən beynəlxalq təsisatlar isə bütün müstəvilərdə, bütün hallarda ifşa ediləcək:
“Hesab edirəm ki, Azərbaycan mediası və Azərbaycan sosial media seqmenti bu prosesdə aktiv olmalı və baş verən barbarlığı hücum siyasətimizin elementinə çevirərək Fransanın və hadisəyə göz yuman təsisatların əsl simasını dünyaya göstərməlidir”.