“Jurnalistlərə dair tələblər ciddiləşdirilsin”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.
“Jurnalistlərə dair tələblər ciddiləşdirilsin”.
Qüdrət Həsənquliyev təklif edib ki, vəkillər test verir sonra vəkillik hüququ qazanır: “Eyni zamanda, jurnalistlər də test yolu ilə vəsiqə ala bilsin. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın. Bundan başqa, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin media subyekti olmayacağı ilə bağlı layihədə maddə var. Amma məhkumluq üzərindən götürüləndən sonra o adam azad insan sayılır. Bu maddəni götürməliyik. Digər tərəfdən, siyasi partiyalar çap mediası istisna olmaqla media subyekti yarada bilməyəcək. Amma burda bir məntiq görmürəm, çünki bütün media subyektləri informasiya yaymaqla məşğuldurlar”.
Elman Nəsirov isə mətbuat nümayəndələrinin attestasiyadan keçirilməsinin məqbul olduğunu bildirib: "Jurnalistlərdən bəziləri müəyyən yollarla bu peşəyə gəlib. Bu gün həm ölkədaxili, həm də beynəlxalq arenaya ölkə həqiqətlərini çatdıran kifayət qədər mətbuat nümayəndələri var. Lakin beynəlxalq auditoriya üçün çalışan xarici dilləri bilən jurnalistlərə böyük tələbat var”.
Deputat Naqif Həmzəyev isə jurnalistikanın regionlardakı vəziyyətindən danışdı. O regionlarda medianın faliyyətinə ciddi nəzarətin vacibliyini vurğulayıb.
O qeyd edib ki, bölgələrdəki ali məktəblədə Jurnalistika fakültəsi yoxdur. Bu, regionlarda medianın inkişafına mənfi təsir göstərir.
Deputat bildirib ki, “Media haqqında” qanun layihəsinə regionlarda jurnalistikanın inkişafı ilə bağlı müddəanın əlavə edilməsi yaxşı olardı: “Regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır. Regionlarda yalançı jurnalist vəsiqsi ilə gəzən kifayət qədər şəxslər var. Onlara qarşı tədbirlər görmək zəruridir. Düşünürəm ki, qanun layihəsi media üçün çox faydalı olacaq”.