Cəmiyyət 6 Sentyabr 2023, 17:13 | Baxış sayı: 174
"Əjdaha korrupsionerlərin simvoludur"

Tanınmış psixoloq Nizami Orucov “Müsavat TV”yə müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli barədə də fikirlər səsləndirib. Belə ki, N.Orucov jurnalistin “Millət vəkili Tahir Kərimlinin bir müddət əvvəl dinozavrla şeir deməsi komplekslizlik idi, yoxsa psixoloji durum?” sualına “Tahir Kərimli vəzifəsini necə yerinə yetirir, bilmirəm, öz vəzifəsini yerinə yetirsin, istəyir, dinozavrla deyil, zürafə ilə efirə çıxsın, alqışlayaram” cavabını verib. 

 

Psixoloqun bu yanaşmasına münasibətini bildirən deputat Tahir Kərimli deyib ki, Nizami Orucovu tanımır. 

 

“Yəqin ki, hadisənin məğzini bilmir, ona görə də elə müsahibə verib. Cənab Prezidentin 60 illiyi idi, hər kəs çıxıb təbrik edirdi. Mən də bildirdim ki, cənab Prezident, bu gün Azərbaycan xalqının, dövlətinin inkişafının qabağını əjdaha kimi inhisarçılar, korruspionerlər, rüşvətxorlar alıblar, siz bu əjdahaları məhv edin, xalq bütövlükdə sizin arxanızda durar. Bu hadisədən az müddət keçəndən sonra kimsə mənim qapıma əjdaha fiquru, üstündə də məni ölümlə hədələyən not qoydu ki, əjdaha səni məhv edəcək. Bu məsələdən mənim əleyhimə çox ciddi istifadə etdilər ki, qeyri-ciddi obrazımı yaratsınlar. Necə ki mənə aid olmayan “30 yaşdan yuxarı evlənməyənlərin dövlətə vergi ödəməsi” ilə bağlı fikirləri təhrif edərək adıma çıxardılar, əjdaha məsələsini də bu cür dəyişdirilmiş formada təqdim etdilər. Sanki bu əjdahanı özüm düzəltmişəm, yaxud mağazadan almışam. Söhbət bundadır ki, xalqın nümayəndələri də məsələnin məğzini bilmədən mənim əleyhimə çoxlu yazılar verdilər. Halbuki xalqın xeyrinə demişdim ki, əjdaha inkişafın qarşısını alır. Prezidenti onları cəzalandırmağa çağırmışdım. Bildirmişdim ki, cənab Prezident, siz Qarabağda möhtəşəm qələbə qazandınız, bunu bu gözəl işlə tamamlamaq lazımdır. Əjdaha ilə video çəkdim ki, sizin ölüm hədənizdən qorxmuram. Əlbəttə ki, başqa cür yozdular. Necə ki vaxtilə Üzeyir Hacıbəyovun istədiyi kimi Dövlət himninin müəyyən hissələrinin qısaldılmasını təklif etmişdim. Bütün respublika başladı ki, Tahir Kərimli himni dəyişdirmək istəyir. Çox təəssüf edirəm ki, mənim əleyhimə bu cür kampaniyalar mütəmadi şəkildə davam edir. İndi də bu var. Yəqin, Nizami Orucov məsələni dərindən bilsəydi, başa düşərdi ki, əjdaha xalqın, dövlətin inkişafına maneə olan korrupsionerlərin simvoludur. Təəssüf ki, belə bir vəziyyəti düzgün qiymətləndirə bilməyiblər”. 

pravda.az

Xəbərlər