“İsrailin hərbi texnoloji vasitələri qarşısında İranın hücum təşkil etmək imkanları sıfıra bərabərdir...”
Bu günlərdə münasibətləri onsuz da gərgin olan İsrail - İran münasibətləri bir daha aktuallaşıb. Maraqlısı odur ki, bu gərginliklərin fonunda İran rəsmiləri Azərbaycan dövlətini sionizmə xidmətdə ittiham edir. Dövlətimizin hərbi-siyasi uğurları, əzəli torpaqlarının çox hissəsini erməni işğalından geri alması, tarixi ərazimiz Zəngəzurdan dəhliz açıb Naxçıvanla Zəngilan arasında yol çəkmək istəyi İranı bərk qəzəbləndirib. Məlumdur ki, İran Ermənistan ərazisini Avropa ölkələri ilə ticarət üçün yeganə quru yolu olaraq görür və bu yolu əldən verməmək üçün istənilən hərbi müdaxiləyə əl ata bilər. İran İsraili hədələyir. Münasibətlər gərginləşə bilərmi?
Bu mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlunun Visiontv.az saytına açıqlaması belədir:
“İran – İsrail münasibətlərinin tarixi bütövlükdə hər zaman gərgin olubdur. Amma zaman – zaman bu gərginlik artıb və yaxud da bir qədər azalıbdır. Hazırkı mərhələdə münasibətlərin bundan sonra necə olacağı şübhəsiz ki, yeni dünya nizamı yəni, Yaxın və Orta Şərqdə baş verən hadisələr kontekstində yeni prizmadan qiymətləndirilməlidir.
Yeni mərhələ isə ondan ibarətdir ki, İsrailin təhlükəsizliyi İran tərəfindən təhdid edilən zaman bu və ya digər metod və üsullarla hətta İran ərazisində olan müxtəlif hərbi – strateji obyektlər zərərsizləşdirilir. Çox maraqlıdır ki, bu hədəflərin haradan nişana götürüldüyü və məhv edildiyi İran üçün ya müəmma olaraq qalır ya da İran heç bir önləyici tədbir görə bilmir. İran çox yaxşı dərk edir ki, yaxın zamanlarda bir sıra hərbi obyektlərin onun ərazisində sıradan çıxarılması təsadüfi hadisə deyildi. Məsələ ondadır ki, İran bunun necə baş verməsi ilə bağlı aydın təsəvvürə malik deyil. Ona görə də İran tərəfi hər nə qədər diplomatik – siyasi ritorikada sərt danışsa da faktiki olaraq hərbi, strateji müstəvidə anlayır ki, özünü İsrailə qarşı qorumaq gücündə deyil.
Bunun üçün də bu gərginlik sərt hərbi, siyasi ritorikadan o tərəfə keçə bilmir və keçməyəcək də. Çünki hərbi texniki güc assimmetrikdir. Yəni, İsrailin inkişaf etmiş hərbi sənayesi, hərbi texnoloji vasitələri qarşısında İranın ya müdafiə çətiri qurmaq imkanları ya da hücum təşkil etmək imkanları demək olar ki, sıfıra bərabərdir. Düşünürəm ki, İran və İsrail arasındakı bu gərginlik, siyasi – diplomatik müstəvidə qalacaqdır. Əlbəttə ki, nə qədər ki, İran nüvə proqramını davam etdirməyə çalışır və bununla da silah əldə etməyə çalışır, bir o qədər də İsrail – İran münasibətləri gərgin olaraq qalacaqdır.”