"İşçinin problemləri nə qədər çox olacaqsa, məhsuldarlığı o qədər aşağı olacaq"
Xüsusi psixoloji yardım institutları yaradılmalıdır.
Demokrat.az xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Milli Məclisin deputatı Musa Quliyev deyib. O qeyd edib ki, son dövrlərdə internetin həyatımıza çox sürətlə daxil olması bizi daha da tənhalaşdırıb:
"İnsanın evi yoxdursa, işində problem varsa, bunlar hamısı onun psixoloji sağlamlığına təsir edən amillərdir. Buna görə, iş yerində rəhbərlər də nəzərə almalıdırlar ki, işçinin problemləri nə qədər çox olacaqsa, işdə məhsuldarlığı da o qədər aşağı olacaq".
Müharibədən sonra iştirakçıların psixoloji yardımla təmin olunması məsələsinə toxunan deputat qeyd edib ki, bu istiqamətdə də vəziyyətin yaxşılaşdırılması üçün işlər aparılmasına ehtiyac var.
O eyni zamanda əlavə edib ki, psixoloji sağlamlıqla bağlı maarifləndirmə işlərinin ləngiməsi insanları falçı, baxıcı qapısına aparır. (Apa)