Siyasət 24 İyul 2023, 0:10 | Baxış sayı: 163
“İRNA-nın Bakıda fəaliyyət göstərməsinə müsbət tərəfdən yanaşmalıyıq”

“İranın informasiya agentliyi İRNA-nın fəaliyyətini Bakıda necə quracağını zaman göstərəcək. Amma biz bu məsələyə müsbət tərəfdən yanaşmalıyıq. Çünki İRNA fəaliyyətini obyektiv qurarsa, İranda Azərbaycanın reallıqlarını tanıtmaq baxımından iş çoxdur. Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldığı 30 ildə ermənilər tərəfindən İslam dininə mənsub məbədlərin, dini inanc yerlərinin darmadağın edilməsini və təhqir olunması məsələsini İran ictimaiyyəti bilməlidir”.

 

Bu sözlər Milli Məclisin deputatı Azər Badamov İranın dövlət informasiya agentliyi İRNA-nın yaxın günlərdə Azərbaycanda öz bürosunu açacağı barədə xəbəri şərh edərkən deyib.

 

Deputat bildirib ki, İran ictimaiyyəti 44 günlük Vətən müharibəsinin və post-müharibə dövrünün reallıqları barəsində də məlumatlanmalıdır: “Torpaqlarımız işğaldan azad olunan 3 ilə yaxın dövrdə bu ərazilərdə icra olunan meqalayihələr və “Böyük Qayıdış” haqqında İRNA xəbərlər versə, yaxşı olardı. Düzgün qurulmuş mətbuat ölkələrarası münasibətlərin normallaşması prosesinə töhfə verir. İRNA-nın Bakıdakı fəaliyyətinin qeyd etdiyim istiqamətlər üzrə qurulacağına ümüd edirəm”.

pravda.az

Xəbərlər