Ümumi 10 Fevral 2023, 13:11 | Baxış sayı: 135
“İranın Zəngəzur dəhlizinin açılmasına mane olmağa gücü çatmayacaq”

"İranın Azərbaycana qarşı olan aqressiv münasibəti get-gedə daha da dərinləşir. Əgər bu cür davam edəcəklərsə, İran və Azərbaycan arasında münasibətlərin bundan sonra daha gərgin mərhələsi başlayacaq. İranı bu cür mövqeyə vadar edən Azərbaycanın əldə etdiyi yeni reallığın, regiona gətirdiyi yeni güc balansının İranın qəbul etməməsidir. Çox təəssüf ki, İran hesab edir ki, Azərbaycanın güclənməsi İranda yaşayan 35 milyondan çox azərbaycanlı üçün bir cazibə mərkəzi olar. Onlar da getdikcə İran dövlətindən daha çox hüquqlar tələb edə bilərlər. İranda əndişə yaradan budur”. 

 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İranın Azərbaycana qarşı təxribatlarından danışarkən deyib.

O qeyd edib ki, əslində məsələyə bir qədər tarixən yanaşsaq, indiki vəziyyət qaçılmaz idi: "Çünki İranda yaşayan azərbaycanlıların, yəni bütöv bir xalqın hüquqlarının məhdudlaşdırılması, onların ana dilində təhsil almalarının məhdudlaşdırılması, onların insan hüquqlarının tanınmaması, nəticə etibarilə, İranda yaşayan azərbaycanlıların öz hüquqlarına gətirib çıxarmalı idi. Bu konteksdə Azərbaycan da mütləq öz soydaşlarının yanında olmalı idi ki, bunda da çox aydın şəkildə artıq Azərbaycanın mövqeyi bəllidir. İranda yaşayan soydaşlarımızın hüquqları, azadlıqları və təhlükəsizliyi bizim məsələmizdir. Belə olduqda, İran məsələni hüquqi konteksdə deyil, öz konstitusiyasına uyğun olaraq hüquqlar tanımaqda deyil, məsələni daha çox Azərbaycana təzyiq etməkdə görür. Bu, kökündən yanlışdır, bu, doğru yol deyil”.

 

İranın Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı təxribatlı açıqlamasına da münasibət bildirən H.Babaoğlu deyib ki, İranın Zəngəzur dəhlizinin açılmasına mane olmağa gücü çatmayacaq:

 

"Ona görə də, hər fürsətdə İran rəsmiləri də, İran generalları da, hərbçiləri də və nəhayət İranın Ermənistandakı səfiri də bu cür radikal mövqe bəyan edir. Birincisi, əvvəldən İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ancaq buna gücü çatmayacaq. Çünki Zəngəzur dəhlizi açılmalıdır. İran regionda o qədər güclü dövlət deyil ki, onun fikirləri və ya mövqeyi imperativ olsun. Cənubi Qafqazda baş verən hadisələrdə, hazırkı tarixi mərhələdə söz sahibi olan ölkə Azərbaycandır. Eyni zamanda yeni güc balansının yaranması prosesində də iştirak edən ölkələr qardaş Türkiyə və Azərbaycanın müttəfiqi olan Rusiya Federasiyasıdır. Üçtərəfli bəyanatda da, ondan sonrakı reallıqda da biz Rusiyanın və Türkiyənin iştirakçılığını görürük. Çünki bu gün yaranmış güc balansının, sülhün qoruyucularından biri də Azərbaycanda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzidir. Ona görə də, İranın yeganə müttəfiqi bu gün aqressiv, təxribatçı və terrorçu Ermənistandır. Elə özünə bənzər ölkə ilə də ittifaq qurur. Yəni, İran da Azərbaycana qarşı terror edir, Ermənistan da”. 

 

"Amma bu radikal mövqe nəticə etibarilə onların heç birinin lehinə deyil. Çünki onlar qarşıya qoyduqları məqsədlərə çata bilməyəcəklər. Yaxşı olar ki, İran rəsmilər regionda formalaşan yeni güc balansını görsünlər. Əgər bir ölkə diplomatik, siyasi üsullarla öz məqsədinə çatmağı bir kənara qoyub, terror vasitəsilə bunu etməyə çalışırsa, demək o ölkə artıq gücsüzdür. İran isə bunu edir”, - deyə deputat əlavə edib.   

Xəbərlər