“İranın təhqirlərinə cavab olaraq, beynəlxalq səviyyələrdə onun terror, casus şəbəkəsi yaratmaq siyasətini ifşa etməliyik”
Son vaxtlar İran mətbuatında, mediasında Azərbaycan dövlətinin rəhbərliyi, ayrı-ayrı məmurların ünvanlarına təhqiramiz fikirlər səslənməkdə, davranışlar nümayiş olunmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl məhz İran rejiminin əli ilə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu, terror hadisəsi törədildi. Videogörüntülərdən də aydın görünürdü ki, bu hücum əvvəlcədən planlaşdırılıb, ölçülüb-biçilib. Bu azmış kimi, İran rejimi çərçivəni daha da aşaraq, çirkablı təhqir “maşınını” işə salıb. Halbuki Azərbaycan uzun illər İranla münasibətdə hər zaman həssas və diqqətli olub, mehriban siyasət yürüdüb, beynəlxalq müstəvidə Qərb dövlətlərinin sanksiyalarına, bu kimi təşəbbüslərə, siyasi qarşıdurmalara qoşulmayıb.
Bəs İran rejiminin bu həyasızlığına Azərbaycan tərəfi necə cavab verməlidir?
Millət vəkili Elman Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bu gün heç kəsə sirr deyil ki, İran İslam Respublikası dünyada beynəlxalq terrorizmin himayədarı, ona sponsorluq edən dövlət imicinə malikdir. Bu səbəbdən də ABŞ və onun müttəfiqləri tərəfindən, həm də BMT çərçivəsində çox sayda sanksiyalarla üz-üzə qalıb. Lakin çox təəssüf ki, İran bundan nəticə çıxarmayıb və onun bu gün dünyada dostlarının sayı bir əlin beş barmağından azdır. Azərbaycan dövləti isə hər zaman İranla münasibətdə mehriban qonşuluq siyasətinə sadiq qalıb. Təəssüf ki, bunun qarşılığında tamamilə əks bir mövqe ilə üz-üzə qalmışıq.
Elman Nəsirli: “İranın təhqirlərinə cavab olaraq, beynəlxalq səviyyələrdə onun terror, casus şəbəkəsi yaratmaq siyasətini ifşa etməliyik”
İran İslam Respublikasının ideologiyası xomeynizmdir. Xomeynizmin də iki mühüm istiqaməti var: birincisi - İranın müsəlmanın müsəlmandan yaxın dostu yoxdur, ikincisi - İran İslam İnqilabının təbliğ edilməsi. Xomeynizm ideologiyasına istinad etsək, İranın dostu Azərbaycan olmalıdır. Çünki biz müsəlman ölkəsiyik. Amma bu gün İranın dostu Ermənistandır. Başa düşmək olmur - İran xomeynizm ideologiyasından imtina edib, ya biz azərbaycanlılar baş dinə keçmişik? İran özü-özünün ideoloji xəttini pozaraq, Ermənistanın yanında yer alıb. Deməli, İranın əsas niyyəti İran İslam İnqilabını Azərbaycana ixrac etməkdir. Bu məqsədlə də çox sayda casus şəbəkələri yaradıb, hansı ki, onların bir çoxu artıq ifşa olunub və Azərbaycanın Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu yöndə uğurlu fəaliyyət nümayiş etdirməkdədir".
Elman Nəsirli qeyd edib ki, İran rejimi indi də sözün əsl mənasında Azərbaycana qarşı terror siyasətinin ardınca, ona paralel olaraq ideoloji informasiya müharibəsi elan edib:
“Bu gün İranla Azərbaycan arasında isti müharibə olmasa da, faktiki olaraq Azərbaycana qarşı ideoloji informasiya müharibəsinə start verilib. Özü də çox eybəcər üsullardan istifadə edilir və özlərinin öz ideoloji xətlərinə daban-dabana zidd bu addımı atır, dövlətin himayəsi, onun sifarişi əsasında Azərbaycandakı hakimiyyət əleyhinə müxtəlif çirkab üsullardan istifadə etməklə ləkələməyə çalışırlar. Yalnız qeyri-sivil dövlətlərdə bu cür davranışlar nümayiş olunur. Belə olan vəziyyətdə sual yaranır ki, bəs biz hansı addımları atmalıyıq? Biz sivil, demokratik, inkişaf yolu keçmiş dövlətik və Azərbaycan bütün beynəlxalq hüquq normalarına hörmət edərək, beynəlxalq hüquq çərçivəsində öz addımlarını atıb. Bu, İran rejiminin səviyyəsinin göstəricisidir. Azərbaycan dövləti İran rejiminin bu hərəkətlərinə qarşı yalnız və yalnız beynəlxalq hüququn bizə verdiyi imkanlar çərçivəsində mübarizə aparmalıdır. Beynəlxalq səviyyələrdə İran məsələsini qoymalı, İranın Azərbaycana qarşı terror, casus şəbəkəsi yaratmaq siyasətini ifşa etməliyik”.