Siyasət 20 Aprel 2023, 18:30 | Baxış sayı: 204
“İranın genişmiqyaslı hücumlarının fonunda Rza Pəhləvinin Azərbaycana dəvəti məsələsi aparıcı yer tutur”

“İsrailin Baş nazirinin sonuncu İran şahının böyük oğlu Rza Pəhləvini qəbul etməsi və bu planda hansı strategiyaların  qurulduğunu indi demək çox çətindir. Azərbaycan bu məsələdə müstəqil xətt yürüdür. İranın hazırkı dövrdə Azərbaycan əleyhinə genişmiqyaslı siyasi, dini və s. xarakterli hücumlarının içində Rza Pəhləvinin Azərbaycana dəvəti məsələsi aparıcı yer tutur. İran İsraildə səfirliyimizin açılmasından sonrakı dövr əlaqələrin sıxlaşması çərçivəsində bizi sionistlərlə əlaqədə, İran əleyhinə birləşməkdə ittiham edir, İsrailin aparıcı silahlarını, hətta təyyarə limanlarını qurub onları Zəngilana qədər - İranın strateji təhlükəsizlik zonasına doğru gətirməkdə müxtəlif uzağagedən məqsədlər axtarır. Xüsusilə İsrail xarici işlər nazirinin ölkəmizə səfəri də İran içində yalnız xarici təhlükə və düşmən axtarışında olan qüvvələr üçün əlavə tutarqa oldu. Bu fonda Pəhləvinin Azərbaycana dəvəti hansı reaksiyalar doğurar? Təbii ki, “biz müstəqil addımlar atırıq” söyləyərkən bunu da vurğulamalıyıq ki, üçüncü dövlətlər vasitəsilə Azərbaycandan “proksi” müharibələr aparılmasına yol vermədik. Əslində, İran zamanında bunun minnətdarlığını qaytarırdı. O dövrdə münasibətlər balanslı idarə olunurdu”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Zahid Oruc deyib.

 

Deputat bir faktı da xatırladıb: “Zamanında İran səfiri Prezident İlham Əliyevdən xahiş etmişdi ki, Amerikaya səfəri zamanı ABŞ səlahiyyətlilərinə İranın mesajları, hansısa məxfi məsələlər çatdırılsın. Bu sübut edirdi ki, Azərbaycan nəinki Rusiya-Qərb, Rusiya-NATO platformasında danışıq məkanına çevrilib, Bakı ötürücü naqil olur, həqiqətən də beynəlxalq danışıqların paytaxtına çevrilir. O cümlədən Rusiya-Türkiyə münasibətlərində də bunu xatırlayırıq. Həmçinin İran və Qərb aləminin arasında gedən konfrantasiyalarda biz heç vaxt forpost olmamışıq. Ona görə də İran bu gün hansısa qlobal çəkişmə içində Azərbaycanı hədəf seçərkən ən yaxın ərazilərdə özünə qarşı təhlükələri artırır, biz əsla bunu istəmirik. Vətən müharibəsində qələbədən sonra nə xarici siyasət doktrinamıza, nə hərbi konsepsiyamıza bu mənada stratejilər daxil edilib. Yetər ki Azərbaycanın irəli sürdüyü yeni təhlükəsizlik arxitekturası qəbul olunsun. Onsuz da bunu ölkə rəhbəri açıq mətnlə söyləmişdi. 3+3 formatı regionda münasibətləri, işğal reallıqlarını, düşmənçilikləri ortadan qaldıra bilərdi. Buna görə də İran gərək qəti şəkildə Ermənistanın məğlubiyyətini özününkü kimi qəbul etməyəydi”.

 

Z.Oruc bildirib ki, Rza Pəhləvinin Qərb dünyasında, yəhudi aləmində qəbul edilməsi, yüksək rütbəli nümayəndələr tərəfindən ona münasibət göstərilməsi avtomatik olaraq bu qənaəti hasil edir: İran üçün yeni hakimiyyət cızılır, bu, mütləq xaricdən gətiriləcək, yenə də bu millət öz taleyini kənardan gələn qüvvələrə bağlamalıdır: “Mən bu qənaətin hasil olmasını istəmirəm. Bütün bunlar mühüm beyin mərkəzləri, siyasi institutlar tərəfindən analiz edilməlidir. Azərbaycan Prezidenti gerçəkdən də regional və beynəxlalq münasibətlər sistemində hər zaman milli maraqlarımıza uyğun olan addımları atır. Biz hər hansı ölkəyə qarşı inqilab ixraclarında iştirak etmədik. Məhz buna görə də İrandan bu məsələləri nəzərə almasını istəyirdik. Deyirik, həqiqətən də başqa dövlətlər istəyərdilər ki, İrana qarşı savaşda hansısa koalisiyada yer alaq, biz buna getməmişik. Çünki fərqindəyik ki, başqa dövlətlər bu məsələdən çox-çox uzaqda yerləşirlər. İranın hədələdiyi “Şahab” raketlərinin uçma məsafəsi 300 kilometrdən az deyil. Bu, kütləvi qırğın silahları sırasındadır. İranın siyasi gələcəyi məsələsində xalqın mövqeyinin üzərində daha çox durmasını istəyərdim, nəinki yenidən hansısa şah üsul-idarəsinə qayıdılmasını. Əlbəttə ki, Rza Pəhləvinin özünəməxsus tərəfdarları var, bu, inkaredilməzdir. Amma əleyhdarları da az deyil. Onu hazırkı hakimiyyətin yeganə və çoxmilyonlu xalqın müdafiə etdiyi tək alternativ kimi də nəzərdən keçirmək doğru olmaz”.

 

Deputat tarixi faktlara da qayıdıb: “1979-cu ildə İran İslam inqilabının baş verməsi fonunda Məhəmməd Rza Pəhləvinin ailəvi şəkildə ABŞ-a mühacirət etməsi və bundan sonrakı dövrdə ağır xəstəliyə düçar olması, sistemli təqib fonunda yerini dəyişməsi, ən sonda həyatını itirməsindən sonra onun varisi eyni xətt üzrə mübarizəni davam etdirməyə çalışdı. Əlbəttə, öncə Fərəh Pəhləvinin qeyd etdiyimiz olaylarla bağlı dünyada məşhur olan kitabı həmin dövrün ictimai-siyasi, regional, beynəlxalq hadisələrinə qiymət verməyə imkan verir. Rza Pəhləvinin İsraildəki görüşləri şah üsul-idarəsinin devrilməsi fonunda İslam inqilabının lideri Ruhullah Xomeyninin Qərbin oradakı kampaniyalarının liderliyi altında İrana gəlişi, onun Fransadan qayıdışının bu yöndə təşkil olunması, ABŞ səfirliyinin uzun müddətə ələ keçirilməsi, oradakı diplomatik personalın girov saxlanılması dövrünü yenidən xatırlatmağı tələb edir... İran xalqı Məhəmməd Rza Pəhləvidən sonra yaratdığı yeni hakimiyyət modelinin sonrakı dövr qlobal dünya ilə toqquşduğunu da gördü. Ötən ilin sentyabrında Məhsa Əminin güllələnməsindən sonra milyonlarla insanın yenidən ayağa qalxması müxtəlif ssenariləri meydana çıxardı. Bu fonda həm mühacirət etmiş, uzun on illər ərzində mövcud hakimiyyətin siyasətini qəbul etməyən qüvvələrin parlament modelində fəal şəkildə müxtəlif üsul-idarələr, mühacirət hökuməti və s. kimi məsələlər gündəliyə gəldi. Rza Pəhləvinin onsuz da əvvəlki illərdə fəal şəkildə İrana qayıdış istəyinin və bunu xilaskarlıq mübarizəsi kimi təqdim etdiyinin şahidiyik”

Xəbərlər