“İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur”
İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur və onun Azərbaycanın suveren əraziləri ilə bağlı İran dövlət başçısından fərqli münasibət bildirməsi başa düşülən deyil”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, İran prezidenti İbrahim Rəisi Daşkəntdə Prezident İlham Əliyevlə görüşü zamanı Qarabağ torpaqlarının Azərbaycanın suveren əraziləri olduğunu vurğulayıb və bu ərazilərimizi separatçılardan təmizləyərək, konstitusion hüquqlarımızı təmin etdiyimizə görə ölkə başçımızı və xalqımızı təbrik edib:
“Rəisi həm də Azərbaycanın suveren ərazilərinin bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bir daha ifadə edib. Bundan bir gün sonra isə Ermənistandakı səfir Mehdi Sübhani tamamilə fərqli mövqe nümayiş etdirir. Belə ki, Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunmasından, o cümlədən öz müqəddəratının təyin etməsindən danışır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan səfirin bu münasibətinə görə İran XİN-liyi aydınlıq gətirməlidir. İran dövləti İrəvandakı səfirini Azərbaycanla münasibətlərinə xələl gətirə biləcək belə ifadələri işlətdiyinə görə cəzalandırmalıdır. Əgər belə olmazsa bu, İran dövlətinin ikiüzlü siyasət yürütməsi deməkdir. İran səfiri Qarabağda ermənilərin öz müqəddəratının təyin edilməsindən danışırsa, biz də İrandakı 30 milyondan çox azərbaycanlının öz müqəddəratının təyin etməsi hüququndan danışmalıyıq. Çünki, İranda yaşayan azərbaycanlılar sadəcə ana dilində təhsil və mədəniyyət kimi təməl hüquqlarından məhrumdur. Bəli, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri Azərbaycanın Konstitusiyasına əsasən qorunacaqdır. Konstitusiyamız çox demokratikdir və etnik, dini mənsubiyyətindən asıllı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğunu qeyd olunur. Amma sual olunur ki, İrandakı azərbaycanlılrarın hüquqları nəyə əsaslanaraq təmin olunur? Təbii ki, İranda sadəcə qəbilə qanunlarına görə azərbaycanlılar milli mənsubiyyətlə bağlı hüquqlarından məhrum edilib. İran səfiri özünün açıqlamalarına diqqət etməlidir. Səfirlər dövləti təmsil edir və dövlət siyasətini müdafiə etməlidir. Amma belə görünür ki, səfir Mehdi Sübhani ermənilərin xoşuna gələn ifadələri işlətməklə İranın dövlət siyasətinə əks gedir. Hesab edirəm ki, ölkəmizin XİN-i İran XİN-nə müvafiq məsələ ilə bağlı nota göndərməlidir. İran dövləti öz səfirinin bütün hərəkətlərinə görə məsuliyyət daşıdığından bu məsləyə də münasibət bildirərərək mövqeyini açıq şəkildə ifadə etsin. Biz də İranın rəsmi mövqeyi nədən ibarət olduğunu bilərik və siyasətimizi də ona uyğun tənzimləyərik”.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib.
oxu.az