Siyasət 7 Aprel 2023, 18:13 | Baxış sayı: 153
“İranın Azərbaycanın daxili və xarici siyasətinə heç bir halda təsir etməyə gücü çatmaz”

“Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq İran parlamentinin bəyanat qəbul etməsi qətiyyən başadüşülən deyil, siyasi və diplomatik etikaya uyğun gəlmir, dövlətlərin daxili işinə qarışmamaq prinsipinin bilavasitə kobud şəkildə pozulmasıdır. Azərbaycan tam müstəqil dövlətdir, hansı ölkələrlə münasibət qurur, əlaqələrini genişləndirir, səfirlik açır və s. onun öz qərarıdır. İran parlamentinin bu cür sərsəm bəyanat qəbul etməsi İslam libası altında gizlənən, lakin daim müsəlmanları bu və ya digər formada hədəfə alan molla rejiminin əsl mahiyyətini ortaya qoyur. Təbii ki, İranda hakimiyyətdə olan qüvvələr, yəni fars molla rejimi fəaliyyətində səmimi deyil, sözü ilə əməli bir araya sığmır. Özünü İslam dövləti adlandırsa da, hər zaman İslam düşmənlərinin yanında olub”.

 

Pravda.az-ın xəbərinə görə, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan daim İranla mehriban qonşuluq və dostluq münasibətlərinə üstünlük verib, lakin fars molla rejiminin bizə qarşı sərgilədiyi mövqe birmənalı olmayıb: “Belə ki, hər zaman işğalçı Ermənistanı dəstəkləyib. Bu siyasətində İran, demək olar ki, “müsəlman müsəlmanın qardaşıdır” kəlamını heç yadına da salmayıb, işğalçı dövlətlə əlaqələrini bütün sahələrdə genişləndirib. Sonra da utanmayaraq dünyada İslam qardaşlığından və həmrəyliyindən söz açaraq daim saxtakarlıq edib. Tehrandakı səfirliyimizə təşkil edilən silahlı basqın, deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror hadisəsi bilavasitə fars rejiminin çirkin və xain əməlləridir. Elə hesab edirlər ki, belə şərəfsiz yollarla müstəqil Azərbaycana təsir göstərə biləcəklər. Amma bu, mumkün deyil”.

 

“Azərbaycanın hüquq-mühafizə orqanları böyük peşəkarlıqla İran xüsusi xidmət orqanları ilə əlaqəyə girən terrorçuların aşkarlanması və məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyatlar həyata keçirir. Həbs olunanların danışıqlarından aydın görünür ki, onların niyyəti ölkəmizdə çaxnaşma yaratmaq, sabitliyi pozmaq, saxta dini dövlət qurmaq olub. Təbii ki, yanılırlar. Azərbaycan xalqı zəngin keçmişi olan, ağır sınaqlardan çıxmış müdrik bir xalqdır. Belə oyunlarla onu aldatmaq və qorxutmaq olmaz. Bu gün qüdrətli dövlətinin və onun rəhbərinin ətrafında dəmir yumruq kimi birləşən xalqımız daha xoşbəxt gələcəyə döğru inamla irəliləyir. Artıq qocalmış və çürümüş, müasir dünya ilə heç cür ayaqlaşa bilməyən köhnə bir rejimin Azərbaycanı təhdid etməyə gücü çatmaz”, - AHİK sədri əlavə edib.

Xəbərlər