Siyasət 6 Aprel 2023, 15:06 | Baxış sayı: 190
"İranın Azərbaycana qarşı hər hansı hərbi təşəbbüsü bu ölkənin məhvinə gətirib çıxaracaq"

Millət vəkili bildirib ki, İranın Azərbaycana qarşı hər hansı hərbi təşəbbüsü bu ölkənin məhvinə gətirib çıxaracaq.

 Azərbaycan-İran münasibətləri gərgin olaraq qalır. Aprelin 3-də İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və ona ölkəmizin notası təqdim edilib.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Görünən odur ki, Azərbaycan və İran arasındakı gərginlik hələ bir müddət davam edəcək. Tərəflərin bir-birinə qarşı ittihamları isə prosesin nə ilə nəticələnə biləcəyi ilə bağlı suallar doğurur.

Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Asim Mollazadənin və politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib.

Millət vəkili Asim Mollazadə hesab edir ki, Azərbaycan-İran münasibətlərindəki gərginlik cənub qonşumuzun qorxularından qaynaqlanır:

"Qorxu vəziyyətində hücum etməyi seçiblər. Biz bilirik ki, İran daxilində ağır iqtisadi, sosial vəziyyət hökm sürür. Aylardır, İran xalqı mövcud rejimə qarşı nümayişlər keçirir. Digər tərəfdən, İran nüvə sazişi ilə bağlı da problemlərlə üzləşib. Ona görə də qorxudan hamının üzərinə hücum edirlər".

 

Millət vəkili vurğulayıb ki, İran hökumətinin erməni qardaşları ilə bağlı da narahatlıqları var: "Bu baxımdan İranın Azərbaycana qarşı aqressiyası həm də Ermənistanı dəstəkləməyinin təzahürüdür".

"Azərbaycan və İran arasında müharibə təhlükəsi varmı?" sualına cavabında millət vəkili bildirib ki, İranın Azərbaycana qarşı hər hansı hərbi təşəbbüsü bu ölkənin məhvinə gətirib çıxaracaq:

"Çünki Azərbaycan və onun müttəfiqləri İran silahlı qüvvələrini çox qısa zamanda məhv edə bilər. Bir müddət əvvəl deputat həmkarım Fazil Mustafaya terror hücumu təşkil edildi. Amma bu bizi qorxuda bilməz. Anlayırıq ki, hazırkı şəraitdə hamımız bu hücumların hədəfindəyik. Çünki İran öz siyasətini terror üzərində qurub".

 

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, hazırkı gərginlik İrana və onun maraqlarına xidmət etmir:

"Hər iki ölkənin hakimiyyətində təmsil olunan qruplar arasında bu gərginliyin mövcud olmasında maraqlı olanlar var. Hesab edirəm ki, vəziyyətin gərgin olaraq qalmasının ən vacib amillərindən biri budur. Azərbaycan-İran münasibətlərinin gərginləşməsində maraqlı olan kənar qüvvələr də mövcuddur. Amma son nəticədə hesab edirəm, hər hansı ciddi hadisə baş verməyəcək. Nə İrana, nə də Azərbaycana bilavasitə hərbi toqquşma əl vermir".

Politoloq hesab edir ki, iki ölkə də mövcud gərginliyin aradan qaldırılmasına çalışacaq:

"Şəxsən mən bu mövcud gərginliyi ciddiyə almıram. Azərbaycan-İran münasibətlərində müxtəlif dövrlərdə gərginliklər yaşanıb, ancaq son nəticədə bütün gərginliklər aradan qalxır. Azərbaycan və İranın dövlət maraqları hər hansı hərbi toqquşmanı qəbul etmir".

Mənbə: Sputnik

Xəbərlər