Siyasət 1 Dekabr 2022, 17:24 | Baxış sayı: 217
"İranda yaşayan xalqlar öz azadlıqlarına çatmaq üçün bu gün mövcud olan molla-fars rejimini devirməlidirlər"

“İlk növbədə, demək istəyirəm ki, İranda yaşayan bütün xalqlarla Azərbaycan xalqının heç bir problemi yoxdur və biz həmişə İran xalqına çox böyük hörmətlə, ehtiramla yanaşmışıq. Mənə elə gəlir ki, bu, axıra qədər də belə olacaq. Söhbət və problemin mənbəyi İran xalqını 150-200 il bundan qabaqkı qanunlarla idarə edən fars-molla rejimindən gedir. Yəni nə qədər ki bu fars-molla rejimi mövcuddur, İran heç vaxt azadlıq tapmayacaq, eləcə də İrandakı xalqlar öz azadlıqlarına qovuşmayacaqlar. Buna görə də İranda yaşayan xalqlar öz azadlıqlarına çatmaq üçün bu gün mövcud olan molla-fars rejimini devirməlidirlər. Bundan sonra onlar daha müasir və daha mütərəqqi üsullarla idarə edən bir quruluşu yaradacaqlar”.

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri, Urmudan olan deputat Vəhid Cəlalzadənin sonuncu açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, V. Cəlalzadə çıxışı zamanı qeyd edib ki, “Azərbaycan Respublikasının əlaltıları sionistlər və amerikalıların onların ayaqları altına atdığı yemiş qabığından xəbərdar olmalıdırlar”. O, həmçinin, vurğulayıb ki, İran və Azərbaycan xalqları arasındakı əlaqə pozulmazdır.

Məsələyə münasibət bildirən millət vəkili deyib ki, V. Cəlalzadənin söylədikləri sadəcə bir cəfəngiyyatdır:

“Bilirsiniz, bunlar artıq manqurtlaşmış, farslaşmış, Xamaneilərin əlinin altında qul kimi işləyən, şəxsiyyətlərini itirmiş adamlardır. Yəni bunlar azərbaycanlı, türk olduqlarını da unudublar. Öz mənfəətləri naminə ağıllarına gələni danışırlar. Bunlar utanıb, xəcalət çəkməlidirlər. 30 il ərzində Azərbaycan torpaqları işğal altında qalanda bunlar həmin o molla-fars rejiminin Azərbaycana qarşı törətdiyi əməllərə baxsınlar və nəticə çıxarsınlar. Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün yeraltı-yerüstü sərvətləri kim daşıdı-apardı?! Həmin molla-fars rejimi!”

Müsahibimiz təəssüflənib ki, belə danışan deputatlar da buradan öz mənfəətlərini götürüblər:

“Biz ərazilərimizi azad edib, sərhədlərimizi bərpa edərək bu gün yüz milyardlarla dollardan söhbət gedən İranın narkotrafikinin qarşısını kəsmişik. Bu illər ərzində İranın yaxın dostu, qardaşı kim olub?! Bütün İslam dəyərlərini, müqəddəsliklərini murdarlayan, dağıdan vəhşilər – ermənilər! Sən, adını İran İslam Respublikası qoymusan adını, ancaq İslam dəyərlərini murdarlayanlarla dostluq edirsən. Sən səhər durub Koçaryanla öpüşüb görüşürsən, günorta Sarkisyanla, axşam da o biri it gəlir, onunla öpüşürsən. Sənin saqqalın qanına bulaşsın! Sənsən İslam respublikasını təmsil edən?! Utanıb, ölmürsən bu hərəkətlərindən?!”

E. Məmmədova görə, 44 günlük müharibə ərzində həmin molla-fars rejimin törətdiyi fitnə-fəsadlar göz qabağındadır:

“Müharibədən sonrakı dövrdə bizə qarşı olan təhdidlər, sərhədlərimizdə keçirilən təlimlər, televiziya kanallarında şər-böhtan kampaniyaları və s. hamısı yadımızdadır. Yaxşı, siz bizə pis deyirsiniz, ancaq biz ərazilərimizi işğaldan azad etmişik, eləcə də biz müstəqil bir dövlətik və sizin daxili işlərinizə qarışmırıq. Onda bəs sizin qarnınızın ağrısı nədir?! Nə istəyirsiniz?! Sən də erməniylə dostluq edirsən. Budur sənin müsəlmanlığın?! Ona görə də bir daha deyirəm ki, İrandakı molla-fars rejimi dağılmalıdır ki, İran xalqları azadlıq tapsınlar. Bu tərpəniş də başlayıb və inşallah, daha da güclü olacaq, sona qədər davam edəcək!”

Xəbərlər