Ümumi, Siyasət 10 Avqust 2021, 18:33 | Baxış sayı: 299
"İranda yaşayan Azərbaycan türkləri hazırda milli təhsil və türk dilinin İranda ikinci dövlət dili olması məsələsini siyasi gündəmə daşımalıdırlar”.

Milli Məclisin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Günaz.TV-yə müsahibəsində, İbrahim Rəisinin İranın xarici siyasətində qlobal dəyişiklik edəcəyini gözləmədiyini deyir:

“İranda dövlət siyasətini əsasən Ali Dini lider müəyyənləşdirir. Ona görə də prezidentlərin dəyişməsi heç nəyi dəyişmir və həll etmir. 

Prezidentlər dövlət siyasətinin müəyyənləşməsində həlledici rola malik deyillər”.
Millət vəkili hesab edir ki, yeni prezident daxili siyasətdə də ciddi korrektələr edə, özəlliklə milli məsələdə köklü dəyişikliyə nail ola bilməz:

“Prezidentin Ali Rəhbərin razılığı olmadan ciddi islahatlar həyata keçirməsi mümkünsüzdür. Milli haqlara millətlər mübarizə yolu ilə nail olurlar.

Ya da millətlər ölkə daxilində demokratiyanın inkişafına töhfə verməklə milli haqlara sahib olurlar. Görünən odur ki, Qərb  İranın parçalanacağına yol açacağından qorxduğu üçün demokratik prosesləri  dəstəkləmir. 

İran cəmiyyətini təşkil edən xalqlar kənardan kömək gözləmədən, qansız-qadasız milli haqlarına qovuşmaları üçün ölkədəki demokratik prosesləri dəstəkləməlidir.

Onların əsas vəzifəsi siyasi həyatda yaxından iştirak etmək, milli haqları müdafiə edəcək namizədləri seçkilərdə aktiv dəstəkləmək olmalıdır. İrandakı milli haqqlar və ana dili uğrunda mübarizə aparan milli fəallar yerli şərait və reallıqlar nəzərə alınmaqla özləri üçün fəaliyyət proqramı qəbul etməlidirlər.

Millətlərə azadlığı kimsə vermir, onlar siyasi baxımdan yetkin və mütəşəkkil olanda öz milli haqlarına sahib olurlar. Bu yolda ən böyük nailiyyət milli özünüdərk, milli kimliyinə hörmət, milli mədəniyyətin və dilin inkişafıdir.

Qalan məsələlər zamana bağlıdır. İranda yaşayan Azərbaycan türkləri hazırda milli təhsil və türk dilinin İranda ikinci dövlət dili olması məsələsini siyasi gündəmə daşımalıdırlar”.

Xəbərlər