Cəmiyyət 20 İyun 2022, 14:47 | Baxış sayı: 161
"İranda çox sayda erməni yaşayır və onlar dövlətlərimizin yaxınlaşmasını istəmir".

“Azərbaycan-İran münasibətləri qonşuluq və dostluq münasibətləri üzərində inkişaf edir. Xalqlarımızı ortaq tarix və mədəniyyət birləşdirir. Dövlət başçılarımızın son görüşündən sonra ölkələrarası əməkdaşlıqda yeni dövr başlayıb. İranla Azərbaycan bir çox regional layihələrin birgə iştirakçısıdır. Cənub-Şimal nəqliyyat dəhlizi zəncirinin bir hissəsi İran üzərindən keçir. O cümlədən, Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yol nəqliyyat kommunikasiya layihəsinin icrası ilə bağlı memorandum imzalanıb. Dövlətlər səviyyəsində ölkələrimiz arasında əlaqələr özünün inkişaf dövrünü yaşayır. Təəssüf ki, bununla yanaşı dini müstəvidə Azərbaycan-İran arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələrin cəhdlərinə də rast gəlirik. Yaddan çıxartmamalıyıq ki, İranda çox sayda erməni yaşayır və onlar dövlətlərimizin yaxınlaşmasını istəmir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, həmin şəxslər din pərdəsi altında gizlənərək Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər: “Belə hadisələrlə zaman-zaman qarşılaşırıq. Amma hesab edirəm ki, dövlətlərimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinə yad qüvvələrin heç bir cəhdi baş tutmayacaq. Azərbaycan bu gün özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə qurulub. Ona görə də dini zəmində bəd niyyətli radikal siyasətin öllkəmizə daxil olmasının qarşısı həm din sahəsində fəaliyyət göstərən şəxslər, həm də dövlət tərəfindən vaxtında alınır və bunun ayaq açamasına imkan verilmir”.

Xəbərlər