Siyasət 13 Aprel 2023, 14:42 | Baxış sayı: 204
"İran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək"

Xəbər verdiyimiz kimi, aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərdə olub və bu ölkə ilə bir neçə sənəd imzalanıb.

Qeyd edək ki, bundan öncə Azərbaycan lideri Tacikistanda da səfərdə olub. Həmçinin bu günlərdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Qəbələdə görüş keçirib.

İlham Əliyevin bu səfər və görüşlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirdi ki, ölkə prezidentinin ciddi mahiyyət daşıyan və Azərbaycanın strateji hədəflərinə xidmət edən xarici səfərləri xeyli dərəcədə intensivləşib.

“Taciklərlə farsların etnik qohumluğu var və İran da çalışır ki, ondan da öz məqsədləri üçün istifadə eləsin. Bu baxımdan, Tacikistana səfər və Tacikistan rəhbərliyinin İlham Əliyevi yüksək səviyyədə qarşılaması, aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanan sənədlər bu baxımdan Azərbaycanın strateji hədəflərinə xidmət edən bir səfərdir. Daha sonra Qırğızıstan və Özbəkistanla, Orta Dəhlizdə yerləşən bu ölkələrlə münasibətlərimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər var. Onlar Türk Dövlətləri Təşkilatında yer alıblar. Burada bir müttəfiqlik var. Qazaxıstan Orta Dəhliz, Orta Asiya Respublikaları üçün bir açar rolunu oynayan ölkədir. Cənab Prezidentin Qazaxıstana son səfəri bu baxımdan diqqəti xüsusilə cəlb edir və hər iki prezidentin vermiş olduğu bəyanatlardan bəlli oldu ki, böyük tərkibdə keçirilən görüş və imzalanan sənədlər Orta Dəhlizin, Zəngəzur dəhlizinin açılmasında oynayacaq rolu bir daha təsdiq olundu və aparılan danışıqlarda, imzalanmış sənədlərdə öz əksini tapdı. Beləliklə, bu səfər çox ciddi əhəmiyyət kəsb edib" -  deyə o, qeyd etdi.

Millət vəkili hesab edir ki, bunlar sıradan bir səfər deyil və Prezident İlham Əliyev orada Ermənistanla Azərbaycan arasında olan münasibətlərin üzərində bir daha dayandı:

“Ermənistanın sülh sazişinin bağlanması ilə bağlı prezidentimizin çox diplomatik bir şəkildə ifadə etdiyi kimi maneçiliyi ifadə olundu və eyni zamanda Qazaxıstanla Azərbaycan arasında bundan sonra münasibətlərin daha yüksək şəkildə qurulmasının vacibliyi önə çəkildi. İndi İranın Ermənistanla bərabər Azərbaycana qarşı ən müxtəlif təpkiləri, təxribatları həm də Zəngəzur dəhlizinin açılmasına törətmiş olduğu maniçiliklər qəbul edilən deyil. Bu dəhlizin açılması Azərbaycan üçün deyil, həm də digər ölkələr üçün də əhəmiyyətlidir. Bu baxımdan ölkə prezidenti son vaxtlar İranla Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı ittifaqına qarşı ciddi bir koalisiya yaratmaqdadır. Bu koalisiyada, əlbəttə, Çin də yer alır. Bu koalisiyada heç şübhəsiz ki, Rusiyanın da maraqları göz önündədir. Onun da yer alması tamamilə məntiqidir".

Fəzail Ağamalı bir daha vurğuladı ki, xüsusi olaraq Orta Dəhliz Zəngəzur dəhlizinin reallaşmasında və onun bəzi tərkib hissələrindən biri kimi ciddi önəm kəsb eləyir:

“Bu baxımdan cənab Prezidentin Tacikistana səfəri və orada aparılan danışıqlar, həmin orta dəhliz məsələsində öz əhəmiyyətli rolunu heç şübhəsiz oynayacaq. Mənə belə gəlir ki, bu səfər özünün əhəmiyyətli rolunu oynayacaq və İran-Ermənistan ittifaqı Zəngəzur dəhlizinin yaranmasında maraqlı olan dövlətlərin ciddi bir birliyinin qarşısında çıxılmaz vəziyyətə düşəcəkdir.”

Deputat Gürcüstanın mövqeyi barədə danışarkən əlavə etdi ki, Zəngəzur dəhlizi Gürcüstandan kənardadır:

"Lakin Azərbaycan həmişə şaxələnmiş nəqliyyat siyasətinə ciddi önəm verir və vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasına da mane olmağa çalışanlar var idi. Lakin ölkə cənab İlham Əliyevin olduqca uzaqgörən siyasəti və müdrikliyi belə bir ciddi layihənin reallaşmasını təmin etdi.

“Azərbaycana Orta Dəhliz vasitəsilə, yəni Çindən Avropaya və Avropadan Çinə yükdaşımalarda Gürcüstanın özü də Bakı-Tbilisi-Qars dəmir yolunda xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Gürcüstanın baş nazirinin bu yaxınlarda Qəbələdə İlham Əliyev ilə görüşü və bu görüş zamanı məhz regional məsələlərin müzakirəsi, bu müzakirələrdə Gürcüstanla Azərbaycanın ortaq mövqelərinin mövcudluğu da unudulmalı deyil. Artıq Prezident İlham Əliyev Çindən başlamış ta Türkiyəyə qədər və eyni zamanda Rusiya, bu proseslərin işinə qatılmaqla Cənubi Qafqaz, Ermənistan istisna olmaqla böyük bir şəbəkə yaradılır. Bu şəbəkə heç şübhəsiz ki, öz nəticəsini verəcək. Çünki Ermənistanın vəziyyəti bəllidir, çox ağır bir durumdadır. 44 günlük müharibədə yerlə yeksan edildi, həm hərbi strukturları dağıdıldı, həm də dövlətçiliyinə ciddi zərər vuruldu" -  deyə AVP sədri bildirdi.

Fəzail Ağamalı İranın Azərbaycana qarşı təxribatları barədə danışaraq bildirdi ki, İran çökməyə məhkumdur.

“Ona görə ki, bu cür ölkələr bir qayda olaraq, o zaman çökür ki, o sona çatır və həm daxildən, həm də xaricdən ciddi təzyiqlərin altında olur. Sovet İttifaqı da eyni şəkildə taleyini yaşadı. İran Ermənistandan başqa demək olar ki, dünyanın bütün ölkələri ilə müharibə vəziyyətindədir, düşmənçilik münasibətlərindədir. Eyni zamanda İranın özündə də vəziyyət kifayət qədər kritikdir. İran daxildən bütün xalqların təzyiqi altındadır. Ona görə də onun bu gün elə bir gücü yoxdur. Sadəcə olaraq bəyanatlarla, müxtəlif təxribatlarla, özünün gücünü ifadə etməyə çalışır. Lakin görünən budur ki, o, Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcəkdir. Bu, birmənalı şəkildə və hökmən açılacaq. Ola bilsin ki, bir az zamana ehtiyac olacaq. Yəni İranın və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi mümkünsüzdür", - deyə o, fikrini tamamladı.

Xəbərlər