Siyasət 5 Noyabr 2022, 15:55 | Baxış sayı: 238
"İran uzun illərdir, Azərbaycanda casus şəbəkəsi yaradılması istiqamətində işlər aparıb"

“İran uzun illərdir, Azərbaycanda casus şəbəkəsi yaradılması istiqamətində işlər aparıb. Əlbəttə, külli miqdarda vəsait də xərcləyiblər. İrana gedən azərbaycanlı tələbələrin beyinlərini yumaqla, ölkəmizin daxilində casus şəbəkəsi yaratmaqla nəyəsə nail ola bilməzlər. İran düşünür ki, casus şəbəkəsi vasitəsilə hakimiyyət dəyişikliyinə də nail ola bilər. Zaman və tarix göstərdi ki, onlar əbəs yerə çalışıblar, iflasa uğrayıblar, Azərbaycan güclü və qüdrətli dövlətdir, kənar müdaxilənin qarşısı anındaca alınır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

C.Osmanov xatırladıb ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində bir qrup casus həbs edilib.

 

Onun sözlərinə görə, bu, son deyil: “İranın Azərbaycanın daxilində casusları qalmaqdadır. Bu şəbəkəyə rəhbərlik edənlərdən biri Taleh Bağırzadə idi, həbsindən sonra İranda xütbələrdə adı çəkilir, azadlıq tələb edilir. İndiki həssas məqamda hər kəs hüquq mühafizə orqanları ilə birgə addımlamalı, mübarizədə dövlətin yanında olmalıdırlar. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra İran daha çox narahat olmağa başlayıb, niyyətlərini açıq bildirirlər, Araz çayının sahilində təlimlər keçirirlər. Bundan başqa, Ermənistanda-Qafanda konsulluq açırlar, ermənilərlə münasibətləri qardaşlıq səviyyəsinə gətirib çıxarıblar. Bu, bir daha göstərir ki, Azərbaycanın qüdrətli olması İranı ciddi şəkildə narahat edir. İran unutmasın ki, Azərbaycan daha da güclənəcək! Xüsusi təyinatlı qüvvələrimizin cənub rayonlarında təlimlər keçirməsi İrana ciddi mesajdır: Azərbaycan hər zaman suverenliyini qorumağa qadirdir!”

 

Deputat qeyd edib ki, ölkə daxilində də Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatdan narahat olanlar var: “Üzdə guya İranı tənqid edirlər, amma bu, həqiqət deyil. Rüfət Səfərov və digərləri birbaşa Taleh Bağırzadəyə dəstək olurlar. Bununla da özlərini ifşa edirlər, görünür, İrana rəğbətləri var. Hesab edirəm ki, hüquq mühafizə orqanları casus şəbəkələrinin ifşa edilməsi istiqamətində addımlarını davamlı atmalıdırlar. Ölkə “beşinci kolon”dan təmizlənməlidir, amansız mübarizə aparılmalıdır”.

Xəbərlər