Siyasət 13 İyun 2023, 22:45 | Baxış sayı: 147
“İran sığınacaq verdiyi azərbaycanlı terrorçuları ekstradisiya etməlidir”

"Azərbaycan İranla münasibətlərinin gərgin qalmasını arzulamır, lakin eyni zamanda ikili standartlara əsaslanan, riyakar əlaqələrin də tərəfdarı deyil. Təəssüf ki, müstəqillik tariximiz boyu cənub qonşumuzdan bu cür riyakar davranışların şahidi olmuşuq". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 

Deputat bildirib ki, istər birinci Qarabağ, istər Vətən müharibəsi dövründə İran həm işğalçı Ermənistana, həm separatçılara açıq dəstək verməklə, eyni zamanda Azərbaycanda insanların dini hislərindən istifadə edərək milli maraqlarımız əleyhinə, habelə dini sabitlik əleyhinə kompleks iş aparmış, bütün bunlar səmərə vermədikdə isə sərhədlərimiz boyu təlimlər keçməklə Azərbaycana güc nümayiş etdirməkən çəkinməyib:

"Nəticədə İran-Azərbaycan münasibətləri özünün ən gərgin və ən aşağı səviyyəsini yaşamaqdadır. Amma Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, "bu, bizim seçimimiz deyil".

Biz bütün qonşularımızla, o cümlədən ortaq tariximiz, min illər davam edən əlaqələrimizin olduğu İranla sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayırıq. 

İkincisi, cənab İlham Əliyevin Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda da ifadə etdiyi kimi, "Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur". Amma İran mehriban və sağlam qonşuluq, beynəlxalq hüququn rəhbər tutulduğu bərabərtərəfli tərəfdaşlıq arzu edirmi, ciddi suallarımız və əsaslı şübhələrimiz var".

B.Məhərrəmovun fikrincə, Xudafərinə gəlib “Azərbaycanın İrandan daha yaxşı dostu olmayacaq” istehzalı bəyanatını verərkən İran daxili işlər naziri anlamalıdır ki, elə ölkəsinin də məruz qaldığı sanksiyalar, onlardan üz döndərən qonşular fonunda Azərbaycandan başqa xilas yolu yoxdur:

“Ona görə də Azərbaycanın həm beynəlxalq hüququn prinsiplərini, həm hər iki dövlətin maraqlarını ehtiva edən, qonşuluq münasibətlərinə söykənən şərtlərini qəbul edərək bir an öncə münasibətlərin normallaşmasına çalışmalıdır. Şərtlər isə çox sadədir - İran sığınacaq verdiyi azərbaycanlı terrorçuları ekstradisiya etməli, səfirliyimizə qarşı törədilmiş terror hücumu şəffaf araşdırmalıdır.  

Cənab İlham Əliyevin mayın 3-də də ifadə etdiyi kimi, "Bizim tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq".

Yəni bu baxımdan, Azərbaycan səfirliyinə hücum edən terrorçu ilə eyni cəbhədə dayanan İran polisinə rəhbərlik edən Əhməd Vahidi və digər İran rəsmiləri Azərbaycanla hədə və terror dili ilə danışa bilməyəcəklərini nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik".

Xəbərlər