Siyasət 6 Aprel 2023, 14:55 | Baxış sayı: 163
"İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir"

“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir. Bu cür çaşdırıcı bəyanatlarla İran yalnız fars mollakratiyasının dini istismar edən şovinistlərini aldada bilər. Ona görə ki, belə əsassız bəyanata yalnız onlar inanmaq istəyərlər. Nə İranda yaşayan milyonlarla soydaşlarımızı, nə də milyonlarla dindaş və məzhəbdaşımızı belə “qabaqdangəldi” bəyanatlarla aldatmaq olmaz”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, dünyada yaşayan ən məzlum xalq heç də fələstinli qardaşlarımız deyil: “Çünki onlar öz müstəqil dövlətlərini qurmaq üçün inamla mübarizə aparır, Azərbaycan da bütün beynəlxalq platformada fələstinli dindaşlarımızın haqlı davasında onları dəstəkləyir. Dünyanın ən məzlum xalqı İran rejimi altında əzilən İran xalqıdır ki, onların içərisində də ən məzlum və əzilənlər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər, bir sözlə qeyri-farslardır. Fələstinlilərin öz dillərində təhsil almaq hüququndan başlamış azad ibadət etməyə qədər bütün hüquqları tanınır. Ancaq aylardır ki, İranda mollakratiya tərəfindən zülmə məruz qalan müsəlmanlar öz haqlarını tələb etsə də, onlara heç bir hüquq tanınmır. Tam əksinə, dar ağacına çəkilir, ağıla gəlməz işgəncələrlə ölümə məhkum edilirlər. Bu mənada İran parlamentinin Qüdsün işğalçı rejimi adlandırdıqları ilə Qərbi və Şərqi Azərbaycan Ostanının, Zəncan Ostanının və s. işğal edən mollakratiya arasında heç bir fərq yoxdur”.

Hikmət Babaoğlu bildirib ki, Xoyda baş verən zəlzələdən sonra öz vətəndaşlarını aclığa, susuzluğa məhkum edəm molla rejimi ilə faşistin heç bir fərqi yoxdur: “Suriyada, İraqda məzhəb fərqini əsas gətirərək, bayır-bucaq türkmənlərinin, minlərlə müsəlmanın qanını tökənlərin İslamdan və islamiyyətdən xəbəri belə yoxdur. Əsl zülm, bax, budur. Qarabağda 30 illik işğal dövründə müsəlman dindaşlarının və məzhəbdaşlarının mal-mülkünü talan edib, müsəlmanların haqqına girən fars-erməni ittifaqının zülmü dünyanın ən böyük cinayəti və zülmü idi. Və nəhayət, Qafanda konsulluq açıb məzhəbdaşlarının qanını tökən Ermənistana dayaq olan İranın heç bir haqqı yoxdur ki, Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etsin. Biz ümid edirik ki, İran parlamentində olan soydaşlarımız və soydaşımız olmayan əsl mömin dindaşlarımız özləri İranın bu riyakar mövqeyini ifşa edəcək, əsrlərdir, bir arada yaşamış İran və Azərbaycan xalqlarının qardaşlığını pozmağa icazə verməyəcəklər”.

Xəbərlər