“İran-Pakistan münasibətlərinin gərginləşməsi çox ciddi regional fəlakətə gətirib çıxara bilər”
“İran-Pakistan münasibətləri son dərərəcə kəskinləşib. Hər iki dövlət bir-birinə qarşı çox ciddi ittihamlar səsləndirir. Nəinki ittihamlar, eyni zamanda bu istiqamətdə əməli və çox təhlükəli addımlar atılmağa başlayıb. Yanvarın 10-da İran Silahlı Qüvvələri Pakistan ərazisinə pilotsuz aparatlar və raketlərlə zərbə endirib. Hədəfin isə separatçı “Ədalət Ordusu” deyilən qruplaşmanın olduğunu bildirirlər. İran tərəfin mövqeyinə görə, bu qruplaşma İranda terror aktları həyata keçirir, İranda baş verən son terror aktlarına görə məsuliyyət onların üzərinə düşü vənoları zərərsizləşdirmək üçün İran belə bir addım atıb. Rəsmi İslamabad isə bununla bağlı kəskin mövqeyini ifadə edib. Pakistanın Xarici İşlər Nazirliyi İranın Pakistan ərazisinə aviazərbə endirməsini Pakistanın suverenliyinə qəsd adlandırıb. Bunun çox ciddi fəsadlara gətirib çıxara biləcəyi ilə də bağlı xəbərdarlıq edib. Artıq xəbərdarlıq öz real nəticələrini verməyə başlayıb. Bu gün Pakistan Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirib. Hadisələr çox dramatik xətt üzrə inkişaf etməkdədir...”
Bu sözləri açıqlamasında Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.
Deputatın deyib ki, Pakistan nüvə dövlətidir, İran isə nüvə dövləti olmağa iddialı dövlətdir: “Hətta belə mülahizələr var ki, nüvə dövləti olan Pakistanla nüvə dövləti olmayan İranın belə kəskin qarşıdurması İranın nüvə silahı əldə etmək niyyətini daha da sürətləndirəcək. Bəs bu vəziyyətdə Azərbaycan hansı mövqedə dayanmalıdır? Bizim mövqeyimiz bəllidir. Heç bir halda istəmirik ki, Pakistan və İran arasında müharibə baş versin. Pakistan bizim üçün dost, qardaş, İran da qonşu dövlətdir. Qonşuda yanğın varsa, heç bir zaman digər qonşu rahat olmamalıdır. Düşünməməlidir ki, bu yanğın ondan yan keçəcək. Ona görə də son dərəcədə maraqlıyıq ki, iki müsəlman dövləti arasında gərginlik tezliklə aradan qalxsın, gərginliyin daha da inkişafına imkan verilməsin. Bu halda müəyyən kompiramislər əldə etmək lazımdır. Azərbaycan tərəfin mövqeyi budur ki, sülh və qarşılıqlı etimad əsasında həllini gözləyən problemlər tənzimlənsin, çünki iki böyük dövlətin münasibətlərinin gərginləşməsi çox ciddi regional fəlakətə gətirib çıxara bilər. Azərbaycan dövləti bu qarşıdurmanın dinc yolla, sülh yolu ilə tənzimlənməsində maraqlıdır”.
pravda.az