Siyasət 27 Yanvar 2023, 13:46 | Baxış sayı: 176
“İran həmişə terror yuvası olub, ona görə də Azərbaycan səfirliyinin toxunulmazlığına zəmanət yoxdur”

“Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilməsi, əlbəttə, ölkəmizdə şiddətlə qınanılır, cəmiyyətimizi çox ciddi narahat edir.  Tezliklə bu hadisəni törədənlərin və arxasında dayanan qüvvələrin aşkarlanıb, cəzalandırılması tələb olunur. İran həmişə terror yuvası olub. Terrora dəstək verən əsas ölkələrdən biridir. İstər İranın daxilində, istər ayrı-ayrı ölkələrdə terror aktlarının törədilməsinə İran hər zaman dəstək verib. Ona görə də İranda heç bir səfirliyin, o cümlədən Azərbaycan səfirliyinin, diplomatik nümayəndiliyinin toxunulmazlığına zəmanət yoxdur. Çünki İranın indiki hakimiyyəti başdan-ayağa terror təşkilatları yaradan, onların arxasında dayanan qüvvələrdən ibarətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat xatırladıb ki, bu günə kimi İranda bir çox səfirliklərə, konsulluqlara, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara qarşı terror aktları törədilib.

 

Onun sözlərinə görə, Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma aparmasını və tezliklə nəticələrini təqdim etməsini gözləyir: “Lakin istənilən halda İran tərəfinin hadisəni obyektiv araşdıracağına ümidlərimiz çox azdır. Çünki İranın ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu, heç də ümidverici deyil. Hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır. Birmənalı qeyd etmək olar ki, onun İranın xüsusi xidmət orqanları, xüsusən SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var. Səfirliyimizin mühafizəçisi hücumun qarşısını almasaydı, terrorçunun qarşısına çıxmasaydı, çox güman, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı. Bu planı həyata keçirəcəkdilər. Səfirliyimizin təhlükəszilik xidmətinin rəisi şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlbəttə, İranın daxilində baş verən hadisələr səbəbindən hər yerdə, eyni zamanda səfirlik yerləşən ərazidə polis nümayəndələri mövcuddur. Lakin yaxınlıqda olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib. Hazırda hər hansı operativ addımların atılması müşahidə olunmur. Təəssüf ki, artıq İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Problemin guya məişət hadisəsi olması və terrorçunun həmin əraziyə guya öz uşaqları ilə gəlməsi kimi absurd fikirlər səsləndirir, yalan məlumatlar yayır. Əlbəttə, hamısı yalandır və İranın xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırmaq məqsədi daşıyır. Yerli və beynəxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi güdür. Birmənalı olaraq beynəlxalq hüquq və normalara uyğun istənilən ölkənin səfirliyinin, diplomatik nümayəndələrinin təhlükəsizliyində məsuliyyəti yerləşdikləri ölkə daşıyır. Bu hadisədə də məsuliyyəti, əlbəttə ki, İran hakimiyyəti daşımalıdır. Hadisəni törədənlər hüquq qarşısında cavab verməlidir. Belə cılız addımlarla guya Azərbaycana hansısa təsir, təzyiq nümayiş etdiklərini düşünürlər, amma yanılırlar. Azərbaycan bundan sonra da qətiyyətli addımlarını atacaq, milli maraqlara söykənən siyasətini davam etdirəcək”.

Xəbərlər