Siyasət 27 Yanvar 2023, 17:29 | Baxış sayı: 117
“İran hakimiyyəti sonunun yaxınlaşdığını hiss edir”

“Azərbaycanın İrandakı səfirliyində baş vermis terror hadisəsi 1-ci dünya müharibəsi ərəfəsində baş verənləri xatırladır. ” –Ulusal.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, onillər ərzində Azərbaycan, İrak, Suriya, Yəmən, Əfqanıstan, Pakistan kimi qonşu ölkələrin ərazilərində yürütdüyü pozuculuq fəaliyyəti artıq terror dalğası şəklində bumeranq kimi rejimin özünə doğru qayıtmaqdadır.

“Ərazisində yerləşən hər hansı bir dövlətin səfirliyinə terror hücumu İran rejimi üçün özünə sui-qəsd şəklində təzahür edən intihar cəhdi deməkdir. Buna əmin olmaq üçün hadisənin motivləri obyektiv şəkildə araşdırılmalı və əsl səbəbləri üzə çıxarılmalıdır. Əgər bu terror aktının arxasında rejim qüvvələri dayanırsa, deməli İran hakimiyyəti sonunun yaxınlaşdığını hiss edir və təkcə öz xalqını yox, bütövlükdə Qafqazları və Yaxın Şərq ölkələrini də qanlı qarşıdurmaya cəlb etməyə çalışır.” – deyə Cavanşir Feyziyev bildirib.

Millət vəkili hesab edir ki, əgər bu xain hücum rejimin xəbəri olmadan üçüncü qüvvələr tərəfindən həyata keçirilibsə, yenə də İran dövləti təhqiqat işləri ilə bağlı öz üzərinə düşən bütün vəzifələri dəqiqliklə yerinə yetirməli, cinayətkarları cəzalandırmalı və xarici ölkələrin diplomatik təmsilçiliklərinin toxunulmazlığı ilə bağlı Vyana konvensiyasından irəli gələn öhdəliklərinə əməl etmədiyinə görə siyasi məsuliyyət daşımalıdır.

“İran hakimiyyətinin sonrakı addımları bu suallara aydınlıq gətirəcək. Lakin istənilən halda ərazisində qanuni siyasi təmsilçilik funksiyasını həyata keçirən həmvətənlərimizin qətlə yetirilməsi və yaralanması üçün məsuliyyət İran dövlətinin və onun ali rəhbərliyinin üzərindədir. Səfirliyimizin və diplomatlarımızın təhlükəsizliyini təmin edərkən qəhrəmancasına həlak olmuş baş leytenant Orxan Əsgərovun ailə üzvlərinə və bütün yaxınlarına başsağlığımı bildirir və onlara səbir diləyirəm. Allah rəhmət eləsin! Xəyanətkar hücum nəticəsində yaralanmış həmvətənlərimizə şəfa diləyir və tezliklə sağalmalarını arzu edirəm.” -deyə Cavanşir Feyziyev əlavə edib.

Xəbərlər