Siyasət 8 Fevral 2023, 15:30 | Baxış sayı: 204
"İran etiraz aksiyalarının qadınları önə çıxarması müasir epoxanın əhəmiyyətli hadisəsidir"

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə qadınların öz haqlarını müdafiə etmələri üçün ayağa qalxaraq keçirdikləri az qala bütün İranı bürüyən nümayişlər ilə başlanan hərəkat qısa müddətdə xarakterini dəyişərək mövcud rejimdən narazılığı ifadə edən etiraz aksiyalarına çevrilmişdir.

 

Artıq İrandakı etiraz aksiyaları qadınların haqlarının müdafiə edilməsi, tanınması ilə yanaşı, həm də ölkədəki dini-siyasi rejimin dəyişdirilməsinə qədər genişlənmiş və dönməz xarakter almışdır. Bu müddətdə İran qadınlarının hərəkatı sistemli şəkildə inkişaf etmiş, qadınların arasından tanınmış mübariz simalar meydana çıxmışdır.

 

İranın azadlıq uğrunda mübarizə aparan qadınlarından birinin Nobel Sülh mükafatına namizəd kimi qeydə alınması ölkədəki qadın hərəkatının dünya birliyi tərəfindən də dəstəkləndiyini göstərməkdədir. Qeyd etmək lazımdır ki, XX əsr ərzində heç vaxt İranda baş vermiş inqilablarda: Məşrutə inqilabı, Xiyabani hərəkatı və Pişəvəri hökumətinin qurulmasında qadınlar bu qədər geniş şəkildə və fəal iştirak etməmişlər. XXI əsrdə İranda gedən ictimai-siyasi proseslərdə qadınların aktiv olmaları, ardıcıl olaraq dönmədən mübarizə aparmaları ilk növbədə, İran İslam Respublikasında islamçı rejimin qadın haqlarını sərt şəkildə tapdalaması, onlara qarşı qeyri-insani qadağalar qoyulması ilə əlaqədardır. İkincisi isə İran qadınları ümumiyyətlə artıq mövcud üsuli-idarənin ölkədə yaşayan xalqların bütün hüquqlarını ayaqlayaraq keçməkdə olduğunu bəyan etməkdən çəkinmirlər. Ona görə də İranda qadınların haqlarını müdafiə etməklə başlayan etiraz aksiyaları ölkənin  iqtisadi-mənəvi və ictimai-siyasi həyatı ilə əlaqədar olan bütün istiqamətləri əhatə edən ümumölkə nümayişləri səviyyəsinə yüksəlmişdir. Artıq İrandakı nümayişlərdə və etiraz aksiyalarında qadınlarla yanaşı, cəmiyyətin bütün təbəqələri yaxından iştirak edir. Bununla belə, XXI əsrdə İran etiraz aksiyalarının qadınları önə çıxarması müasir epoxanın əhəmiyyətli hadisəsidir və hesab edirik ki, axıra qədər davam edəcək bu ictimai-siyasi hərəkatın aparıcı simaları arasında qadın liderləri də olacaqdır.

 

İran İslam Respublikasında baş verən hərəkatda bölgənin bütün millətlərdən olan vətəndaşları iştirak edirlər. Bu, o deməkdir ki, İranda yaşayan xalqların hamısı mövcud siyasi rejimdən narazıdırlar. Bu həm də o deməkdir ki, hazırkı hakimiyyətə qarşı bütövlükdə İran ayağa qalxmışdır. Geniş mənada İranda yaşayan bütün xalqlar Xameneyi rejimindən cana doymuş, boğaza yığılmışlar. Hərəkatın bu qədər geniş şəkil alması mübarizənin dönməzliyini, qarşısının alınmazlığını nümayiş etdirir. Bu onu göstərir ki, İran vətəndaşı olan heç bir xalq mövcud rejimdə yaşamaq istəmir. Ona görə də hazırda ölkədə siyasi rejimə və onun təmsilçilərinə qarşı ayağa qalxan xalqla İranın radikal islamçı rəhbərliyi üz-üzə, qarşı-qarşıyadır. Hadisələr göstərir ki, bütün sərt cəzalara, edam hökmlərinin icra olunmasına baxmayaraq, xalq çətinliklə də olsa mübarizəni davam etdirməkdən geri çəkilmək niyyətində deyil. Eyni zamanda, mövcud radikal islamçı rejim də çıxış yolunu xalqa daha çox divan tutmaqda görməkdən başqa bir vasitə haqqında düşünmür. Dünya inqilablarının çoxəsrlik təcrübəsi göstərir ki, vəziyyətin bu şəkli hərəkatın miqyasının genişlənməsindən və rejimin iflasa uğramasından, hakimiyyətin məğlub olmasından başqa heç bir nəticə verə bilməz. Hadisələrin indiki gedişatı, sadəcə, vaxtın uzadılmasından başqa bir şey deyil. Əslində isə vaxt nə qədər uzanırsa-uzansın, mövcud hakimiyyət artıq xalqın etimadını itirmişdir. Xalq heç vaxt Xameneyi-Rəisi rejiminə etimad göstərməyəcəkdir.

 

Hazırda İran İslam Respublikasında baş verən qanlı hadisələr birmənalı şəkildə Azərbaycan məsələsi ilə əlaqədardır. İran hakimiyyəti həm Azərbaycan Respublikasına və həm də İranın yarısından çoxunu təşkil edən Azərbaycan əhalisinə münasibətdə açıq şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirir. Azərbaycanın müstəqilliyini bərpa etməsi, müstəqil dövlətimizin sürətlə inkişafı, xüsusən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi Zəfərin qazanılması İranı çox narahat edir və xoflandırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşuluq və dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün atdığı bütün addımlara baxmayaraq, İran rejimi açıq və ya örtülü vasitələrlə dayanmadan ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirir. Müsəlman ölkəsi olan İranın Birinci və İkinci Qarabağ müharibəsində xristian Ermənistanı müdafiə etməsi, Azərbaycana düşmən olan Ermənistanı silahlandırması, müharibədən sonrakı dövrdə bütövlükdə dünya birliyinin qəbul etdiyi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, Qafan rayonunda özünün konsulluğunu təsis etməsi bu radikal rejimin ölkəmizə və xalqımıza bəslədiyi mənfi münasibəti aşkar şəkildə nümayiş etdirir. Ermənistan Respublikası və Paşinyan rejimi ilə geniş əlaqələr qurmaqla İran sanki Azərbaycana qarşı meydan oxuduğunu nəzərə çarpdırır. Bütün bunlar dövlətlərarası əlaqələrə və qonşuluq münasibətlərinə, həm də İslam həmrəyliyinə zidd olan addımlardır. Və haqlı olaraq bu hadisələr həm Azərbaycan xalqının, həm də dünya azərbaycanlılarının böyük narazılığına səbəb olur. İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi siyasi-diplomatik hadisələrə görə məsuliyyət daşıyır.

 

İranın öz ölkəsinin vətəndaşları olan Cənubi Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər də bağışlanılmaz hadisələrdir. Belə ki, xüsusən XX əsr boyu İranda Azərbaycan xalqına divan tutulmuş, onların haqları və hüquqları əllərindən alınmışdır. Son yüz ildən artıq bir dövrdə Cənubi azərbaycanlıların milli-azadlıq hərəkatı fars rejimi tərəfindən dəfələrlə gülləbaran edilmiş, azərbaycanlılar bu ölkədən didərgin salınmışlar. İndi dünyanın müxtəlif ölkələrində didərgin, mühacir və qaçqın həyatı yaşayan güneyli azərbaycanlılar İranın siyasi rejiminin əzablarına düçar olmuşlar. İranda Azərbaycan dilinə qarşı qoyulmuş sərt qadağalar, bu ölkədə Azərbaycan dilində heç bir məktəbin olmaması insanlığa sığan hadisə deyil. Urmiya gölünün ekoloji fəlakətə uğradılması əslində, İranın bu bölgəsində yaşayan azərbaycanlıların iqtisadi böhrana salınmasına yönəldilmiş hadisədir. Hazırda Xoy şəhərində dağıntılara səbəb olmuş zəlzələdən sonra yerli əhaliyə maddi yardım göstərilməsinə maneələr yaradılması İran rejiminin anti-Azərbaycan mövqeyinin təzahürüdür. İranın Xorasan şəhərində XIII əsr Azərbaycan şairi, anadilli ədəbiyyatımızın banisi İzzəddin Həsənoğlunun məzar daşlarının dağıdılması İran İslam Respublikasında anti-Azərbaycan siyasətinin hansı həddə olduğunu göstərir.

 

Azərbaycan səfirliyinin binasına silahlı hücum və səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi də İran İslam Respublikasının  anti-Azərbaycan siyasətinin nəticəsidir. İran rejiminin bu qanlı terror hadisəsinə qəsdən məişət donu geyindirməsi, yaxud qatil Yasin Hüseynzadənin dəlixanaya salınması, cinayətin ört-basdır edilməsi İran rejiminin bu hadisədə əli olduğunu bir daha təsdiq edir.

 

Bütün Azərbaycan vətəndaşları, o cümlədən elmi ictimaiyyətimiz törədilən cinayəti terror hadisəsi hesab edir, bu hücumu şiddətlə qınayır. Həmin qanlı hadisəyə görə İran İslam Respublikasının rəsmi hakimiyyəti məsuliyyət daşıyır. Hadisənin sifarişçiləri və icraçıları ən ağır cəzaya məhkum edilməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iranlı həmkarı qarşısında qoyduğu tələblər - qanlı terror aktının hərtərəfli araşdırılması, istintaqın obyektiv şəkildə aparılması, cinayətkarların layiqli cəzalarını alması tam yerinə yetirilməlidir.

 

Son günlərdə Azərbaycanda İranın casus şəbəkəsinin üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması terrorçu qrupların tərk-silah edilməsi sahəsində atılmış mühüm addımdır. İnanırıq ki, bu istiqamətdə pozucu fəaliyyət göstərənlər ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən bundan sonra da ifşa ediləcək və casus şəbəkəsinin bütün üzvləri cinayət məsuliyyətinə cəlb olunacaqlar. Xalqımız qəti şəkildə əmindir ki, müstəqil Azərbaycan Respublikası xalqımızın və dövlətimizin mənafelərini qətiyyətlə qoruyacaq və daha da möhkəmləndirəcəkdir.

 

İran İslam Respublikasının anti-Azərbaycan mövqeyi isə onu daha dərin uçurumlara doğru aparacaqdır.

Xəbərlər