Siyasət 8 İyun 2023, 16:17 | Baxış sayı: 77
"İran casus şəbəkəsi vasitəsilə İranda “keyfiyyətli və ucuz səhiyyə” təbliğatı apararaq insanların ehtiyac və etimadlarını istismar edib sosial terrorla məşğuldur"

Azərbaycan bütün qonşuları, o cümlədən də İranla sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayır. Biz min illər davam edən əlaqələrimizə, müəyyən ortaq dəyərlərimizə münasibətləri ən yüksək səviyyəyə yüksəltmək üçün ciddi potensial kimi baxırıq. Lakin, təəssüf ki, cənub qonşumuz beynəlxalq hüququn prinsiplərini heçə sayaraq qonşuluq münasibətlərinə sığmayan davranış nümayiş etdirməklə bölgədə sülh və sabitlik, o cümlədən əməkdaşlıq mühiti üçün təhdid yaratmaqdadır. İranın işğal və təcavüzə verdiyi dəstək hər kəsə aydındır, lakin, təəssüf ki, Tehranın Azərbaycana dost olmayan münasibəti bununla məhdudlaşmır. İran Azərbaycana qarşı həm də informasiya müharibəsi həyata keçirməkdə, sapı özümüzdən olan baltaları da alət etməklə təhlükəli sosial tendensiyalara gətirib çıxaran təbliğat aparmaqdadır. Bəli, bu günə qədər hərbi-siyasi təxribatlar, düşmənçilik ritorikası barədə çox təhlillər aparılıb, lakin, eyni zamanda, İranın Azərbaycana qarşı etnik genofondu məhv etmək planı nisbətən diqqətdən kənarda qalıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, sirr deyil ki, uzun illərdir Azərbaycanda əhalinin müəyyən təbəqəsində İranda keyfiyyətli səhiyyə, müstəsna bilik və təcrübəyə malik həkimlərlə bağlı bir mif formalaşıb. İran dövləti özü birbaşa, habelə İranda sığınacaq verdiyi Azərbaycandan olan bir qrup terrorçu, həmçinin Azərbaycanda əhatə dairəsi hər ötən gün daha da daralmaqda olan casus şəbəkəsi vasitəsilə İranda “keyfiyyətli və ucuz səhiyyə” təbliğatı apararaq insanların ehtiyac və etimadlarını istismar edib sosial terrorla məşğuldur. Əslində bu təbliğatı görməzdən gəlmək olardı, lakin, təəssüf ki, bu saxtakarlıq üzərində qurulan reklama inanaraq İrana üz tutan, bununla da özünü və yaxınlarını təhlükəyə atan vətəndaşlarımızın olması narahatlıq doğurmaya bilmir.

“Əlbəttə, biz “İranda səhiyyə sistemi ola bilməz” iddiasında deyilik, lakin əgər söhbət keyfiyyətli, müasir tendensiyalara cavab verən xəstəxanalardan, təcrübəli həkimlərdən gedirsə, təbii ki, İran bu kriteriyaların heç birinə cavab verə bilməz. İlk növbədə, bu şərtlərin təmin olunması fiziki olaraq mümkün deyil. Belə ki, Molla rejiminə qarşı ABŞ və Qərb tərəfindən tətbiq edilən haqlı sanksiyalar İrana müasir tibbi cihaz və avadanlıqların gətirilməsi imkanlarını minimuma endirib, eyni zamanda, İranın təcavüzkar mahiyyəti və törədəcəyi fəsadlar nəzərə alınaraq bu ölkəyə tibbi və kimyəvi maddələrin idxalına qadağa qoyulub. Həmçinin şah dövründə xaricdə təhsil almış, yetişmiş təcrübəli həkimlər isə 1979-cu ildə İran İslam inqilabı nəticəsində hakimiyyətə gələn mollaların radikallığı ilə barışmayıb ölkəni kütləvi şəkildə tərk ediblər və bu proses hazırda da davam edir. Molla rejiminin bugünkü beynəlxalq durumu isə iranlı tələbələrin istədikləri tibb təhsilini almağa imkan vermir, xaricdə oxuyanlar isə İrana qayıtmaq istəmirlər. Belə olan halda bütün texnoloji yeniliklərdən təcrid olunmuş, ötən əsrin 90-cı illərinin cihazları və avadanlıqları ilə, müasir tibbi yenilik və imkanlardan geri qalan həkimlərlə İran tibbi hansı xariqələr yarada bilər? Yaxud sualı başqa cür qoyaq, digər qonşu dövlətlərdən, İraq, Türkiyə, Türkmənistan, Pakistan və hətta Əfqanıstandan İrana müalicə üçün gələn varmı? Təbii ki, yox, eyni zamanda, təəssüf ki, bu təbliğatın tələsinə yalnız Azərbaycan vətəndaşları düşməkdədir”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

O qeyd edib ki, “İranda yüksək tibbi xidmət” adı altında aldanıb bu ölkəyə üz tutanlar isə potensial qurbana çevrilir – ya səhv diaqnozlar qoyulur, saxta analiz nəticələri təqdim edilir və hətta bədənə müəyyən viruslar daxil etməklə yeni xəstəliklərin əsası qoyulur, insanlar qəsdən şikəst edilir, ya da mənşəyi bilinməyən, ağrıkəsici effektli, “İran dərmanları”ndan asılılığa düşür və son nəticədə digər ciddi sağlıq problemləri ilə üzləşirlər. Digər tərəfdən soydaşlarımızın qəsdən borclandırılaraq İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa məcbur edilməsi faktları mövcuddur. Həmçinin “həkimlə görüş üçün növbə” və “xəstəxanaya depozit” adı altında müəyyən işbazların fəaliyyəti də gözə çarpır, lakin problemin əsas hissəsi Molla rejiminin milli genofondumuzu hədəfə almasıdır. Bütün bunlar milli təhlükəsizliyimizi təhdid edən məsələlərdir və aidiyyəti dövlət strukturlarının prosesə müdaxiləsi artıq zərurətdir. Xüsusən pandemiyanın sona çatmaq üzrə olduğu, quru sərhədlərin açılma ehtimalının artdığı bir dövrdə mütləq profilaktik tədbirlər görülməlidir.

Xəbərlər