“İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır”
“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum hər şeydən öncə beynəlxalq hüququn pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". Əlbəttə, biz inanmaq istəyirik ki, rəsmi Tehran belə bir hadisənin yaşanmasını arzu etməzdi, lakin istənilən halda 1961-ci il Konvensiyasına əsasən, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə kimi İran məsuliyyət daşıyır. Xüsusən hüquq-mühafizə sisteminin, daxili nəzarət şəbəkəsinin güclü olduğu, az qala hər bir fərdin nəzarət altında olduğu bir ölkədən danışdığımızı da unutmamalıyıq”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.
“İkincisi, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Azərbaycan cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır. Məsələnin siyasi tərəfinə gəlincə, məlumdur ki, Prezident İlham Əliyevin müasir mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, onun rəhbərliyi altında ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti kimləri narahat edir, aşağı - yuxarı bizə bəllidir və indiki həssas dönəmdə yalnız ermənini yox, onun havadarlarını da yerində oturtmağımızı çoxları həzm edə bilmir. Bu çərçivədə, İrandakı səfirliyimizə hücumun gerçəkləşdirilməsi Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəli uğursuz təxribat cəhdin davamıdır. Hesab edirəm ki, İran tərəfi səfirliyimizə çirkin hücumu pisləyən bəyanatla kifayətlənməyib ən qısa zamanda qəti addımlar atmalıdır. Hər kəs, həm vətəndaşlarımız, həm də hadisənin arxasında dayananlar bilsin ki, belə cılız aktlarla Azərbaycanın güclənməsinin qarşısını almaq, bizi haqq yolumuzdan döndərmək mümkün deyil”, - o qeyd edib.