“İnternetdə milyonlarla dəfə “Azərbaycan”, “Bakı”, “Formula-1” sözü axtarılır”
“Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Demokratik seçimin, inkişafın ən mühüm elementlərindən biri budur ki, belə cəmiyyətlərdə çox ciddi fikir plüralizmi olur. Hər kəs öz ağlı, düşüncəsi, qabiliyyəti çərçivəsində bu və ya digər hadisələrə münasibət bildirir. Çox normaldır. Kimlərsə hansısa prosesi bəyənə bilir, kimlərsə neytral vəziyyətdə qalır, yaxud əleyhdarına çevrilir. Yalnız diktatura rejimlərində hamı eyni düşünməyə, eyni fikir bildirməyə məcbur edilir. Bu baxımdan “Formula-1” yarışları barədə də cəmiyyətimizdə müxtəlif fikirlərin səslənməsi anlaşılandır və qəbulediləndir. Məsələn, mənim tanıdığım çoxsaylı insanlar “Formula-1”dən bəhs edərkən deyirlər ki, bu yarışlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və çəkisinin artması mənafeyinə xidmət göstərir. Bügünkü dünyamızda reklamın çox böyük rolu və əhəmiyyəti var. Hətta ABŞ-da məşhur bir deyim var: “hadisə baş verib, amma onu CNN göstərməyib, deməli, hadisə baş verməyib”. Məsələyə bu mənqitlə yanaşsaq, Azərbaycanın inkişafı, Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, ölkəmizdə sabitliyin, əmin-amanlığın olması reallığını “Formula-1” bütün dünyaya nümayiş etdirən əsas imkanlardan biridir. Yeri gəlmişkən, “Formula-1” öz tamaşaçı sayına görə yalnız Futbol üzrə Dünya Çempionatından sonra ikinci yerdə dayanır”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Nəsirov “Formula-1” yarışlarının Azərbaycanda keçirilmə müddətinin 3 il də uzadılması ilə bağlı yaranan narazılıqlara münasibət bildirərkən deyib.
“Təsəvvür edin ki, dünyada 500 milyondan çox-1 milyarda yaxın insan “Formula-1”i izləyir, internetdə milyonlarla dəfə “Azərbaycan”, “Bakı”, “Formula-1” sözü axtarılır. İnsanlar Bakını - Azərbaycanı özləri üçün kəşf etmiş olurlar. Bu, Azərbaycanda turizmin inkişafı üçün çox mühüm məsələdir. Ermənistanın siyasi rəhbərliyi, KİV-i belə bir dezinformasiya yayıb ki, guya Azərbaycan gərginlik ocaqlarından biridir, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası mümkün deyil, qeyri-sabit ölkədir, Azərbaycanda fərqli hakimiyyət var və s. Bu kimi yalan və iftira dolu məlumatlar yayırlar. Amma orta statistik dünya vətəndaşı internet qarşısında oturur, yaxud Bakıya gəlməklə prosesi canlı gözləri ilə izləyir, görür ki, ermənilərin yaydıqları dezinformasiya başqa, həqiqət, reallıq isə tamam başqadır. Görürlər ki, Azərbaycan çiçəklənən, inkişaf edən, sabit, əmin-amanlıq hökm sürən ölkədir. Bu isə bizim üçün hazırkı dünya reallığında olduqca vacibdir. Hesab edirəm, “Formula-1” yarışları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Düzdür, Azərbaycan sürücüləri, vətəndaşları bir həftə ərzində “Formula-1” yarışının müəyyən məhdudiyyətləri ilə üz-üzə qala bilərlər. Amma bunlar taktiki məsələlərdir. Strateji anlamda Azərbaycan udmuş vəziyyətdədir, Azərbaycan özünün növbəti 3 il ərzində də öz imkan və potensialını bütün dünyaya nümayiş etdirəcək, dünyanın turzim mərkəzlərindən birinə çevrilmək şansı əldə edəcək. Düzdür, pandemiya bu prosesə müəyyən mənada əngəl törətdi. Artıq post-pandemiya dövrü reallaşmaqdadır. Hesab edirəm, nəhəng auditoriyası olan “Formula-1” Azərbaycanın strateji maraqlarına xidmət göstərir”, - deputat bildirib.