Siyasət 17 Aprel 2023, 14:12 | Baxış sayı: 101
"İnsanın sevgisi özünəxas, gizli olur, sən onu ekranda necə ictimailəşdirə bilərsən?"

"Min il öncəylə indiki dövr müqayisə olunsa, görərik ki, texnologiya inkişaf edib, amma mənəviyyat nə qədər geri gedib. Məsələn, Leyli və Məcnunun dövründə əsl məhəbbət var idi, sevgiyə müqəddəs hiss kimi baxılırdı. Lap beş yüz, hətta yüz il öncə belə deyildi. İndi isə televiziyalar, telefon insanlarda müqəddəs heç nə qoymayıb, bayağılıq hökm sürür. Sevgi-məhəbbətin yerini şəhvət, bayağı hisslər tutub. Bu, bir bəladır. Televiziyaların istər gənclər, istər qocalar arasında evlilik proqramları təşkil etmələri texnologiyanın nailiyyəti kimi təqdim olunur. Amma əslində xalqımızın mənəviyyatını yerdən-yerə vurur, yerlə-yeksan edir. Əvvəllər evlənmək istəyənlər kiminsə vasitəsilə bir-biriləri ilə tanış olardılar. İnsanın sevgisi özünəxas, gizli olur. Sən onu ekranda necə ictimailəşdirə bilərsən? İctimaiyyətin gözü qarşısında bunu etmək necə mümkündür axı? Onda o məhəbbətin dəyəri, hisslər nəyə lazımdır? Bu, nə deməkdir? Məhəbbət yeganə şeydir ki, iki şəxs arasında qarşılıqlı olur. Məhəbbətin şahidi olmur. Yeganə mənəvi hissdir ki, şahidsiz olur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

"Nişan olandan sonra bilinir ki, o iki şəxs ailə qurmaq niyyətindədir. Efirdə bu cür reklam olunmasında məqsəd, əlbəttə ki, qocaları evləndirmək deyil. Məqsəd pul qazanmaq istəyidir. Televiziyalar bu bayağı hadisələri aktuallaşdırmaqla özləri üçün reklam bazarı düzəldirlər. Yaxud tərəflərdən birini az-çox mükafatlandırır, belə oyun çıxarırlar. İnsanlar elə tarixən qumar və bu kimi yüngül həvəsli şeylərə çox meyilli olublar. İndi də buna maraq göstərirlər. Belə verilişlərə baxanlar da var. Bu, xalqımızın mənəviyyatına çox ciddi zərbə vuran bir haldır. Qətiyyətlə pisləyirəm. Bu cür verilişlər xalqımıza, millətimizə başucalığı gətirmir. Əksinə, xəcalət hissi gətirir. Bundan yaxa qurtarmaq lazımdır. Həm də televiziya kanalları mövzu tapa bilmirlər. Bilmirlər ki, maraqlı nə versinlər... Ona görə də əyləncəli evlilik verilişləri qururlar. Amma kənardan çox "əndrəbadi" görünür".

Xəbərlər