Cəmiyyət 14 Sentyabr 2021, 12:19 | Baxış sayı: 293
"İnsanların şəxsi həyatına aid görüntülərin, intim videoların yayılmasının qarşısını almaq üçün qanunvericilikdə sərt dəyişikliklər edilməlidir".

"İnsanların şəxsi həyatına aid görüntülərin, intim videoların yayılmasının qarşısını almaq üçün qanunvericilikdə sərt dəyişikliklər edilməlidir".

Bu sözləri Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli son günlərdə sosial şəbəkələrdə tanınmış şəxslərin qeyri-etik videolarının yayılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə hallar sosial media ilə bağlı qərarlardakı boşluqlar səbəbindən baş verir:

“Qanunlar cəmiyyətdə ictimai münasibətləri tənzim etməlidir. Hazırda yaşayışla bağlı elə hallar ortaya çıxır ki, onlar tənzim olunmayan yeni münasibətlərdir.

Məsələn, əvvəllər sosial şəbəkə çox inkişaf etməmişdi və belə hallara çox az rastlanırdı. Amma indi hər şey çəkilir və paylaşılır. Bu da cəmiyyətdə müəyyən qədər yeni münasibətlər yaradır. Bunu mütləq hüquqi yolla həll etmək lazımdır”.

 

Bəs bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?

Deputat sualı cavablandıraraq deyib: “Bəzən deyirlər ki, sosial medianı nəzarətdə saxlamaq, sosial şəbəkələri qanunla nizamlamaq olmur. Amma məsələ odur ki, bu insanların həyatına toxunur və hökmən qanunla tənzim olunmalıdır. Elə qanunlar qəbul etməliyik ki, bizdən asılı olmayaraq cəmiyyətdə təşəkkül tapmış bu cür ictimai münasibətlər tənzimlənsin və onlara qarşı sanksiyalar işlənsin.

Mən hesab edirəm ki, belə məsələlərdə fərdi təşəbbüslər daha çoxdur. İmkanlar hədsiz çoxalıb, hər kəs bu imkanlardan istifadə edib, istədiyi insanı şantaj edə bilər. Bunun qarşısını almaq üçün qanunvericilikdə sərt dəyişiklik etmək lazımdır”.

Qeyd edək ki, bu yaxınlarda YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun intim videogörüntüləri yayılıb. O, geniş ictimai qınağa səbəb olmuş hərəkətləri ilə əlaqədar YAP sıralarından xaric edilib.

Xəbərlər