"İnsan haqlarını pozan dövlət orqanlarının siyahısı Ombudsmanın məruzəsində əksini tapmalıdır"
“İnsan haqlarını ən çox pozan dövlət orqanlarının siyahısının Ombudsmanın illik məruzəsində əksini tapması vacibdir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, Azərbaycanda QHT sektorunun normativ hüquqi-bazası gücləndirilməlidir: “Son illər hüquqlarını qoruyan insanların sayı artıb. Təəssüflər olsun ki, mənzil-kommunal problemlər azalmayıb, mənzil alqı-satqısı, o cümlədən kommunal xidmətlərinin qiymətlərinin şişirdilməsindən şikayətlər artıb. İnsanları qanunsuz azadlıqdan məhrumetməyə görə məhkəməyə çıxarılan, cəzalandırılan yüksək vəzifəli şəxslər barədə məlumatların məruzədə əksini tapması da yaxşı olardı".