Ümumi 14 İyul 2023, 16:41 | Baxış sayı: 118
“İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi günün əsas tələblərindən biridir”

Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir. Elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər bildirirlər ki, gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib ki, İKT-nin inkişaf etdirilməsi günün əsas tələblərindən biridir.

 

Deputat vurğulayıb ki, Azərbaycan dövləti bu sahəyə külli miqdarda vəsait, sərmayə qoyub: “İlk növbədə, Azərbaycanda “Elektron Hökumət” layihəsi uğurla həyata keçirilir. Vətəndaşların rahatlığını təmin edə bilmək, zamana qənaət, bütün prosesləri mərkəzi anbarda toplaya bilmək, bütün bunları arxivləşdirmək üçün “Elektron Hökumət” xidmətləri həyata keçirilir. ASAN Xidmət, Dost Mərkəzləri bu missiyanı uğurla yerinə yetirir. Vətəndaşların prosesləri daha rahat, çevik həll edə bilmələri üçün elektron sistemlər, demək olar, bütün dövlət strukturlarında tətbiq edilir. Hətta elektron sənəd dövriyyəsi də dövlət müəssisələri arasında tətbiq edilməkdədir. Elektron xidmətlərin sayı gündən-günə artır. Bu da vətəndaşların dövlət xidmətlərindən daha rahat istifadə etmələrini təmin edir. Bütün bunlarla yanaşı, bank xidmətləri də artıq elektron qaydada təşkil edilib. Bu da insanların rahatlığına əsas şərait yaradan amillərdəndir”.

N.Həmzəyev deyib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir: “Kadrlar hazırlanır, rəqabətə dözə bilmək üçün mütəmadi işlər görülür. Əvvəlki dövrlərdən fərqli olaraq internetlə də bağlı irəliləyişlər var. Artıq genişzolaqlı, fiber-optik şəbəkə formalaşdırılıb. Əksər şəhərlərdə internetə daha sürətli çıxış təmin olunub. Rayon və kənd yerlərində də bu cür xidmətlərin təmin edilməsi ilə bağlı işlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, çox təəssüf ki, ölkəmizdə internetin sürəti, əlçatanlığı, sürətli internetə çıxış böyük kütlə arasında yayılmayıb. Bu xidmət hər yerə çatdırıla bilmir. Düşünürəm, Azərbaycan hökuməti bununla bağlı işlər aparır. Aidiyyatı qurumlar daha müasir internet zolağının formalaşdırılması, vətəndaşların ucuz, sürətli internetə əlçatanlığını təmin edilməsi barədə pilot layihələr həyata keçirirlər. İstənilən halda biz Azərbaycanda informasiya texnologiyaları sahəsində görülmüş işləri müsbət dəyərləndiririk. İnanırıq ki, Azərbaycan digər inkişaf etmiş dövlətlərlə rəqabətdə irəli sıralarda olacaq, regionda İKT-nin tətbiqi, vətəndaşların İKT-yə çıxışının əlçatanlığı ilə əlaqədar reytinqlərdə öz yerini daha da möhkəmləndirə biləcək”.

 

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə deyib ki, yaşadığımız dövrün əsas əlaməti İKT sahəsinin genişləndirilməsi, bu sahədə hər gün yeni alətlərin, platformaların, proqramların meydana çıxmasıdır:

“İKT-nin inkişafı istər-istəməz bir çox platformaları təkmilləşdirir, dövlət idarəçiliyinə, insanların məlumat alma və yayma imkanlarına təsir göstərir. Təbii ki, internetin hüdudsuz olması həm də informasiya müharibəsinin aparılmasına kömək edir. Artıq 30-40 ildir ki, “kiber müharibə” anlayışı mövcuddur. Bu müharibənin aparılmasında da informasiya və kommunikasiya texnologiyaları önəmli rol oynayır. Kiber müharibədə nəyə nail ola bilərik? Yaşadığımız informasiya cəmiyyətində əmtəə haqqında informasiya onun özündən dəyərlidir. Məsələn, neft haqqında xəbər bir çox hallarda neftin özündən dəyərli olur. Bu məsələlərə diqqət yetirməliyik. İnformasiya müharibəsini səmərəli, effektli aparmaq istəyiriksə, müxtəlif formaların, proqramların bacarığından istifadə etməliyik. Bəzən bizdə informasiya müharibəsini jurnalistlərin boynuna qoyurlar, amma bu, tamamilə fərqli, öz alətləri, formaları, metodları olan sahədir. Bu sahə üçün mütəxəssislərin yetişdirilməsi, ixtisaslı kadrların olması çox önəmlidir. Düşünürəm, informasiya müharibəsində üstünlüyə nail olmaq istəyiriksə, ən ciddi məsələlərdən biri bu sahə üçün ixtisaslı kadrlar yetişdirməyə nail olmaqdır”.

pravda.az

Xəbərlər