Cəmiyyət 7 Fevral 2022, 15:25 | Baxış sayı: 411
"İndiki şəraitdə Cavanşir Feyziyev ilə jurnalistlər arasında el sözü ilə desək, "lənət şeytana" deyərək barışıq əldə olunmalıdır".

“İndiki şəraitdə Cavanşir Feyziyev ilə jurnalistlər arasında el sözü ilə desək, "lənət şeytana" deyərək barışıq əldə olunmalıdır. Mən Cavanşir Feyziyevin gərgin psixoloji vəziyyətdə sərt sözlər səsləndirməsinin motivlərini başa düşürəm. London məhkəməsində baş verən çəkişmələr onun əsəblərinə təsir edib. İnsan bəzən əsəblərinə hakim kəsilə bilmir. Yəni, burada insanın psixologiyası da nəzərə alınmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, o, medianın tanınmış jurnalistlərinin məsələ ilə bağlı narahatlığını başa düşür: "Ona görə də onlar çox kəskin reaksiya verirlər. Xüsusi vurğulamaq istərdim ki, Cavanşir Feyziyev heç vaxt dövlətdə vəzifə tutmayıb: nə nazir, nə də icra başçısı olmayıb. 1990-cu illərin əvvəllərindən 2010-cu ilə qədər biznes fəaliyyəti ilə məşğul olub. Kifayət qədər uğurlu biznes sahibi olub və xarici biznes təşkilatlarını ölkəyə gətirib. Əgər Cavanşir Feyziyev, doğrudan da, vaxtilə dövlət vəzifəsi tutmuş olsaydı, həmin vəsaitlərin qazanılması ilə bağlı müəyyən sualların yaranması normal hesab edilərdi. 2010-cu ildə isə deputat seçildikdən sonra bisnes fəaliyyətinə son qoyub. Yəni, Cavanşir Feyziyevin 1990-cı illərdən bəri bizneslə məşğul olduğunu nəzərə alaraq deyə bilərik ki, onun gəlirinin mənbəyini araşdırmaq bir o qədər aktual səslənmir. Digər tərəfdən isə, Cavanşir Feyziyevin sərt fikirlərindən medianın narahatlığını anlayıram. Yəni, medianın indiki adekvat davranışının motivləri aydındır. Mütləq barışıq əldə olunmalıdır. Biz medianın tanınmış üzvlərini itirə bilmərik, onların işgüzar fəaliyyətinə xələl gəlməməlidir. Eyni zamanda, bir Cavanşir Feyziyev kimi öz zəhmətli ilə biznes qurmuş, həmçinin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan birini də itirə bilmərik. Hər birimiz azərbaycanlıyıq və bir-birimizi itirən vaxtımız deyil".

Xəbərlər