Plenar iclaslar 30 Dekabr 2021, 12:31 | Baxış sayı: 244
"İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onun son xilas şansıdır”.

“Region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevrilən “erməni layihəsi”nin bağlanmasına fürsət açır. Zəfərimiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc qeyd edib ki, Türkiyə-Ermənistan açılımı 12 il əvvəl Ankara və İrəvan arasında barış yaratmağa çalışan və “Sürix prosesi” adlandırılan hadisələri yada salır: “O illər bilavasitə məxfi danışıqlarda iştirak edən sabiq nazir Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları Türkiyəni Azərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri ABŞ, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı da ram etmişdilər. Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu. O vaxt dövlət katibi xanım Klinton Prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risklərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina etdi. Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı. Əgər plan gerçəkləşsəydi, Ermənistan Azərbaycanı Qarabağ məsələsində təkləyəcək, sərhədlərin açılması ilə iqtisadi izolyasiyadan çıxacaq, güclənəcək və ölkəmizi beynəlxalq qüvvələrin təzyiqi ilə torpaqlardan imtinaya məcbur edəcəkdi. Nalbandyan etiraf edir ki, Ankaranı Bakıdan qopara bilsəydilər, 2020-ci ildə 44 günlük müharibə bəlkə də baş verməzdi, Qarabağın taleyi indi fərqli olardı.

Deməli, bizi Qələbəyə gətirən yol həm də “Sürix prosesi” və digər diplomatik tələlərə zərbə vurulmasından keçir. İndiki açılım prosesi paralel gedir, Vətən müharibəsinin nəticələrinin “Böyük sülh sazişi”nə daxil edilməsi üçün Əliyev və Ərdoğan arasında vahid siyasət yürüdülür. O vaxtkı “normalaşma” isə bizim iradəmizə zidd idi və regionu ələ keçirmək ideyasına xidmət edirdi. İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onun son xilas şansıdır”.

Zahid Oruc qeyd edib ki, Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir: “Hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünya erməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib, onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”.

Xəbərlər