Cəmiyyət, İqtisadiyyat 22 Avqust 2022, 17:42 | Baxış sayı: 215
"İndi günün altında işləməyi bacaran insanlar, işdən qorxmayan insanlar daha yaxşı yaşayırlar".

Deputat Elman Nəsirov Azxeber.com-a qiymət artımları ilə bağlı danışıb.

Millət vəkilinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi məsələsini bir qədər də qəlizləşdirib:

 

"Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Dünya bankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumlarının son hesabatlarına baxsanız, qarşıda dünya iqtisadiyyatını repressiyaların gözlədiyini anlamaq olar. Bu artıq gələcəkdə dünya iqtisadiyyatında böhranın olması anlamındadır və iqtisadi artımın kəskin aşağı düşməsi kimi xarakterizə olunur. Belə olan vəziyyətdə dünya ölkələrində xüsusilə, inkişaf etmiş ölkələrdə inflyasiya tempinin artdığının şahidi oluruq.

 

Deputat unun qiymətinin qalxmasına da münasibət bildirib: "Bəzən deyirlər ki, unun qiyməti qalxdı, un məhsullarının qiyməti qalxdı. Gəlin məsələyə obyektiv yanaşaq. Əvvəla, ərzaq təhlükəsizliyi məsələsi yeni hadisə deyil, bu problem onsuzda var idi. Məsələnin qəlizliyi ondadır ki, Rusiya-Ukrayna müharibəsi bu məsələni bir qədər də qəlizləşdirdi, mürəkkəbləşdirdi. Rusiya dünyanın bir nömrəli buğda ixracatçısıdırsa, Ukrayna bu sırada 5-ci yerdədir. Təsəvvür edin ki, dünyanın bir nömrəli buğda ixracatçısı ilə beşinci yerdə dayanan ölkə arasında müharibə gedir. Bu da təbii qıtlığa gətirib çıxardır”.

 

Deputat bildirib ki, ət, süd və digər bu kimi məhsulların əksər hissəsini özümüz istehsal etsək də, dünya bazarındakı qiymət artımı bizim bazarlara da təsir edir: "Bu gün ət məhsullarının 90 faizini özümüz istehsal edirik. Azərbaycan 85 faiz süd məhsulları istehsal edir. 80 faiz quş əti istehsal edirik. Biz gələcəkdə bunu 100 faizə çatdırmalıyıq. Demək, biz çatmayan rəqəmləri, məsələn, ətin 10 faizini xaricdən almalıyıq. Biz süd məhsullarının 15 faizini xaricdən almalıyıq, quş ətinin 20 faizini almalıyıq. Yəni bunların da dünya bazarında qiymətləri qalxıb. Bizim bazarımıza da təsirsiz ötüşmür və qiymətlərin artmasını şərtləndirir”.

 

Deputat qiymət artımları fonunda vətəndaşların üzərinə düşən vəzifələrdən də danışıb. O, qeyd edib ki, ailəni saxlamaq üçün zəhmət çəkmək lazımdır:

 

"Təbii ki, biz onun fərqindəyik ki, qiymət artımı insanların sosial rifahına öz mənfi təsirini göstərir. Burada obyektiv səbəblər var. Obyektiv səbəbləri mən sadaladım. Amma subyektiv səbəbləri də demək lazımdır. Məsələn, mən insanlarla, seçicilərimlə söhbətim zamanı görürəm ki, inhisarçılar onlara ciddi mane olur. Bu kimi şikayətləri mən lazımi qurumlara çatdırıram. Hesab edirəm ki, əsas məsələlərdən biri inhisarçılıqla bağlı məsələdir. Bu problemin həlli tapılmalıdır. Eyni zamanda insanlarımız da indiki halda daha fəal olmalıdır. Məsələn, bir çox adamlarda tənbəllik yaranıb. Cəlilabad rayonunda kartof əkini, çiyələk əkini sahibkarları ilə danışıram ki, bəs filan kəsləri işə götürün, onların sosial durumu yaxşı deyil, işləsinlər. Deyirlər çağırırıq, onlar da "mən bu istidə işləyə bilmərəm” deyib işdən yayınırlar. Yəni, ələbaxımlılığa öyrəşmiş insanlar var ki, gözləyirlər ki, onlara dövlət tərəfindən hər hansı vəsait ayrılsın. Bu kölgədə otursun və işlərə qatılmasın.

 

Mən Cəlilabadın timsalında bunu görürəm ki, o insanlar ki, sözün həqiqi mənasında zəhmətə çəkirlər, əkinlə, biçinlə məşğuldurlar, mal-heyvan saxlayırlar, onun satışını təşkil edirlər, kartof, çiyələk, buğda əkirlər, hansı ki, o torpaq sahələrinə malikdirlər, onların güzəranı normaldır. Amma digərləri gözləyirlər ki, kimsə ona köməklik etsin, dövlət onlara müavinətlər versin. İşləmək lazımdır. Məsələn, mən gecə yuxusuz qalıb, səhər 4-ə, 5-ə qədər yazılarımı işləyirəm, məqalələrimi yazıram, təhlillərimi aparıram. İndi mən deyim ki, yox, mən yatmalıyam? İndi həmişəkindən daha çox çalışmaq lazımdır. Çünki artıq zaman dəyişib, dövran dəyişib. Belə olan vəziyyətdə ailəni saxlamaq üçün zəhmət çəkmək mütləqdir. Sözün həqiqi mənasında zəhmətkeş olmaq lazımdır. İndi zəhmətkeş insanlar, günün altında işləməyi bacaran insanlar, işdən qorxmayan insanlar daha yaxşı yaşayırlar".

Xəbərlər