Siyasət 9 Dekabr 2023, 11:49 | Baxış sayı: 99
“İnanırıq ki, bu seçkilərdə də xalqımız sabitliyə, tərəqqiyə və inkişafa səs verəcək”

Dekabrın 7-də Prezident İlham Əliyev Sərəncam verərək Azərbaycanda növbədənkənar prezident seçkiləri elan etdi. Mən bunu müdrik qərar hesab edirəm, zamanında atılmış addımdır və alqışlayıram. İnanıram ki, bu seçkilərdə də həmişə olduğu kimi demokratiya zəfər çalacaq”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Onun sözlərinə görə, ölkəmizdə uzun illərdir siyasi sabitlikdir, demokratiyanın bütün təzahürləri tam bərqərar olub: “Həmçinin bizim cəmiyyət sivildir, savadlıdır, kamildir. Ayrı-ayrı xalqların və dinlərin mənsubları burada mehriban ailə kimi yaşayırlar, qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi mühit mövcuddur. Eləcə də vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Bunu illərin təcrübəsi sübut edir. İnanırıq ki, xalqımız bu seçkilərdə də öz sarsılmaz birliyini, həmrəyliyini  qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, onu müzəffər edən cənab İlham Əliyevi dəstəkləyəcək. Hər kəsə yaxşı məlumdur ki, Prezident İlham Əliyev xalqına nə vəd veribsə, hamısını yüksək peşəkarlıqla yerinə yetirib, arzularını reallaşdırıb. Prezidentimiz gördüyü taleyüklü işlərlə xalqımızın hər bir nümayəndəsinin səmimi sevgisini və dərin hörmətini qazınıb. Əminik ki, onun rəhbərliyi ilə dövlətimizi və xalqımızı daha aydın sabahlar, parlaq gələcək gözləyir. Vətən müharibəsinin ən böyük sərkərdəsi olan cənab İlham Əliyev Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti-quruculuq işlərinin də ən böyük memarıdır. İnanırıq ki, Prezidentimiz yaxın zamanlarda həmin ərazilərdə görülən işləri başa çatdıracaq, gözəl Füzulini, Ağdamı, Hadrutu, qeyrət qalamız Şuşanı, namus tacımız Xocalını cənnətə çevirəcək”.

Səttar Möhbalıyev əlavə edib ki, bu seçkilər həm də Laçın, Füzuli, Zəngilan sakinlərinin öz yurdlarında ilk dəfə səs verməsi ilə yadda qalacaq: “Bu, həqiqətən də, hər birimizi qürurlandırır və fərəhləndirir. Qalib xalqımıza bu xoşbəxtliyi nəsib edən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə daim minnətdarıq”.

Xəbərlər