Siyasət 25 Sentyabr 2023, 16:11 | Baxış sayı: 69
"İlkin mərhələdə ABŞ-nin Azərbaycana üzr borcu var"

"Senator Robert Menendez və arvadı Nadine Arslanyana qarşı rəsmi şəkildə korrupsiya ittihamı irəli sürülməsi ilə əlaqədar Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti istefa verib. Senatın Xarici Əlaqələr Komitəsinin sədri korrupsiya niyyəti ilə şantaj və sui-qəsdin təşkilində, dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hədə-qorxu ilə pul tələb etməkdə, habelə dövlət sirlərinin sızdırılmasında ittiham edilir. Prokurorluğun ittihamının məzmununa əsasən, Menendez cinayətkar fəaliyyəti arvadı Nadine Arslanyan ilə birlikdə korrupsiya şəbəkəsi quraraq həyata keçirib və yüzminlərlə dollar rüşvət alması artıq təsdiqini tapıb. Robert Menendezin adı Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Xüsusən son dövrlər onun Azərbaycana münasibətdə açıq formada düşmənçilik sərgiləyən münasibətinə şahidlik edirik". 

 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, bu korrupsiyalaşmış qoca ABŞ kimi supergücün Konqresində Azərbaycan əleyhinə dinləmələrin keçirilməsini təşkil edir: "Nəticədə etnik separatizmə açıq dəstək verərək Azərbaycanın suverenliyinə hörmətsizlik olunur. Təsəvvür edin, xərçəng xəstəliyindən həyatını itirmiş insanın fotosu Azərbaycanın "səbəb olduğu" "humanitar böhran" nəticəsində acından ölmüş Qarabağ ermənisi kimi dünya mediasına servis olunur. Həmçinin Robert Menendez yaratdığı situasiyanı daha da dərinləşdirərək Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistana hərbi yardım göstərilməsi haqqında qanun layihəsini təqdim etmişdi. Nəticədə Vaşinqton əvvəlki dövrlərdən fərqli olaraq bu il "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişin qüvvəsini dondurmadı. Üstəlik, məhz bu adamın korrupsiya maxinasiyaları səbəbindən ABŞ-nin Azərbaycana səfir təyinatı ləngiyir. Baxmayaraq ki, regionda istər təhlükəsizlik, istər enerji sahəsində Vaşinqtonun əsas tərəfdaşı məhz Azərbaycandır, senator ölkəsinin maraqlarını çəkinmədən qurban verərək Bakı ilə Vaşinqton arasında münasibətlərdə mənfi tendensiyaya səbəb ola bildi. Amma bu gün məlum olur ki, senator qanunverici orqanda əslində Amerika xalqının iradəsini yox, arvadının vasitəçiliyi ilə ABŞ-dəki erməni milyarderlərin sifarişini yerinə yetirən muzdlu siyasətçidən başqa biri deyilmiş. Bütün bunlar isə korrupsiyalaşmış senatorun təşkil etdiyi iclas, yaxud dinləmənin, habelə qəbul edilən qərarların məqsədi, obyektivliyi və hüquqi qüvvəsi ilə bağlı suallar çıxarır. Amma unutmamalıyıq ki, bu tədbirlər təsadüfi bir fərd yox, Senatın Xarici Əlaqələr Komitəsinin sədri tərəfindən realizə olunduğu üçün ilkin mərhələdə ABŞ-nin Azərbaycana üzr borcu var".

pravda.az

Xəbərlər