Siyasət 16 Oktyabr 2023, 13:42 | Baxış sayı: 86
"İlham Əliyevin Prezidentliyi dövründə xarici siyasət kursu uğur hekayəsidir"

Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Konstitusiyamızın 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyinin təmin olunması Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının vacib elementlərindən biridir.

 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

Bəhruz Məhərrəmov deyib ki, beynəlxalq münasibətlərdə dövlətin xarici siyasi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına təhdid yarada bilən amillərdən olduğu üçün xarici siyasət xüsusi peşəkarlıq tələb etməklə özfəaliyyətə yol verilməyən, həssas spesifik sferadır: “Suveren dövlət kimi, xarici siyasət vasitələrindən istifadə edərək ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş tədbirlərini təhlil etdikdə Azərbaycan Respublikasının, xüsusən İlham Əliyevin Prezidentliyi dövründə xarici siyasət kursunu sözün əsl mənasında uğur hekayəsi hesab etmək olar. Möhtərəm Prezidentin xarici siyasətinin təməlində bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi dayanıb. Lakin tam siyasi və iqtisadi müstəqillik əldə etmədən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilmək mümkün deyildi. Ulu Öndər Azərbaycanı siyasi cəhətdən müstəqil beynəlxalq subyektə çevirsə də, iqtisadi imkanların məhdud olması 2000-ci illərin əvvəllərində hələ də xarici siyasət kursu özü diplomatiya dühası olan Ümummilli Liderin gözləntilərinə uyğun deyildi. Peşəkar diplomat olan cənab İlham Əliyev Prezident seçildikdə bu reallığın fərqində idi və diplomatik müstəvidə güc amilinin mahiyyətini gözəl anlayırdı”.

 

Deputat qeyd edib ki, həyata keçirilən ardıcıl, şaxələndirilmiş fəaliyyət Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması ilə nəticələndi: “Xüsusən Prezident İlham Əliyevin neft-qaz amilini milli mənafeləri ehtiva edən kapitala, habelə tarix boyu bizim üçün problemə çevrilmiş strateji coğrafi mövqeyimizi isə dividentə çevirməsi xarici siyasətimiz üçün inanılmaz imkanlar açdı. Siyasət kursunun isə işinin peşəkarı tərəfindən həyata keçirilməsi prosesin faydalılıq əmsalını qat-qat artırdı. Nəticədə, 2011-ci ildə zamanında bizə laqeyd münasibət bəslənən BMT-də Azərbaycan 155 ölkənin səsini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Kifayət qədər həssas dönəmə təsadüf edən üzvlük dövründə cənab İlham Əliyev bir daha özünün qlobal miqyası ilə dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda dünyanın əsas oyunçuları ilə bir səviyyədə proseslərə təsir etmə iradəsi nümayiş etdirə və milli maraqlarımızın təmin olunmasını həyata keçirə bildi. Təsadüfi deyil ki, dünyanın ikinci böyük təsisatı - Qoşulmama Hərəkatına rəhbərlik üçün Bakının namizədliyi nəzərdən keçirilərkən məhz İlham Əliyev amilinə görə Azərbaycanın Hərəkata uğurlu rəhbərlik edə biləcəyi heç kimdə şübhə doğurmurdu. Beləliklə, 2019-cu ildən etibarən Azərbaycan digər üzv ölkələrin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçildi. Bu, Azərbaycanın xarici siyasəti üçün önəmli uğur idi, amma eyni zamanda Qoşulmama Hərəkatının tarixində də dönüş nöqtəsi oldu. Yarandığı gündən ətalətdə qalan təsisat məhz cənab İlham Əliyevin sədrliyi dövründə aktiv qlobal subyektə çevrildi. Hətta bir sıra qlobal miqyaslı proseslərdə BMT-dən daha effektiv, daha təsirli və daha nəticəyönümlü iş əmsalı ortaya qoya bildi. Nəzərə alaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövr qlobal miqyasda qırılma periodlarından biri hesab olunurdu, bir tərəfdən dərinləşən siyasi qütbləşmə, digər tərəfdən iqtisadi böhran, ən əsası isə 21-ci əsrdə dünyanın ən böyük Pandemiyası – COVİD-in yayılması proseslərə müdrik yanaşma tələb edirdi. Cənab İlham Əliyev bu prosesdə də qlobal lider olduğunu göstərə bildi. Təsadüfi deyil ki, xüsusən Pandemiya ilə mübarizədə qlobal səylər məhz cənab İlham Əliyevin rəhbərliyi altında, Qoşulmama Hərəkatı çərçivəsində birləşdirildi. Dünyanın qəbuledilən güc mərkəzlərinin peyvənd milliyyətçiliyi fonunda prosesdə mərkəzdənqaçma və avantürist yanaşmalar ilə mübarizədə məhz cənab İlham Əliyev cəsarətlə mübarizə apardı və BMT İnsan Haqları Şurası prosesə münasibət bildirməli oldu və bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələr qəbul edildi. Eyni zamanda Pandemiya sonrası dünya düzəni məsələsi məhz cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının mövzusu oldu. Göründüyü kimi, Qoşulmama Hərəkatının məhz cənab İlham Əliyevin rəhbərliyi altında hərəkatdan çox təşkilat kimi davranması, təsisatın artıq statusunun dəyişilməsi zərurətini meydana çıxardı. Cənab İlham Əliyev Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkəsini formalaşdırmaqla prosesdə ilk addımları atdı. Beləliklə, Qoşulmama Hərəkatı məhz cənab İlham Əliyevin sədrliyi dönəmində özünün qızıl dövrünü yaşamaqdadır. Təsadüfi deyil ki, Hərəkatın beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin sədrliyinin daha 1 il uzadılması ilə nəticələndi”.

 

Bəhruz Məhərrəmov nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən biri kimi Türk dünyası ilə münasibətlərin dərinləşdirilməsini müəyyən etməsi isə ciddi tarixi nəticələrə yol açdı: “Nəticədə ötən dövr ərzində biz Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasının şahidiyik və prosesdə İlham Əliyev şəxsiyyətinin rolu danılmaz formada görünməkdədir. Məhz cənab İlham Əliyev tarix və mədəniyyət sahələrində zəngin müştərək irs, eyni dil və din amillərini münasibətlərimizin uğurlu inkişafında səmərəli alətə çevirməklə Türk tarixində yeni dövr başlatdı. Türkiyə və Azərbaycan münasibətləri Şuşa Bəyannaməsinə qədər yüksəldi, o cümlədən Mərkəzi və Orta Asiya dövlətləri ilə də münasibətlər qarşılıqlı olaraq xarici siyasətin kurslarında prioritetlərə çevrildi. Bu gün məhz Prezident İlham Əliyevin xarici siyasət kursunda ardıcıl uğurları qlobal miqyasda çoxsaylı təhdidləri dəf etmək üçün etibarlı müdafiəyə çevrilib. Riyakar Qərb dünyası, xüsusən Fransanın BMT-ni və Təşkilatın strukturlarını Azərbaycana qarşı alətə çevirdiyi bir dövrdə cənab İlham Əliyev məhz uğurlu müttəfiqlikləri heabına ikili standartları və cinayətkar davranışları təsirsizləşdirməkdədir. Azərbaycan bir daha göstərməkdədir ki, biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzu edirik, lakin eyni zamanda istənilən təhdidi də zərərsizləşdirəcək, hücum siyasəti və əks həmlə ilə istənilən subyektə yerini göstərə biləcək hərbi-siyasi gücə və təsirli xarici siyasət kursuna sahibik”./APA

Xəbərlər