Siyasət 15 Dekabr 2023, 15:40 | Baxış sayı: 220
“İlham Əliyev siyasi təfəkkürünə, müzəffər rəhbərliyinə əvvəlki dövrlərdən daha çox möhtacıq”

“Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi yalnız 700 min üzvü olan bir siyasi təşkilatın yox, bütövlükdə 10 milyonluq Azərbaycan xalqının, hətta 50 milyonluq azərbaycanlı kimliyinin təkidli tələbidir. Yaranışı belə ictimai-siyasi zərurətdən doğan və Heydər Əliyev şəxsiyyətinin işığında formalaşan bir təşkilatın bu gün öz qərarını xalqın tələbi əsasında qəbul etməsi təbiidir və çox müdrik yanaşmadır”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

“Bildiyiniz kimi, son 105 ildə 3 dəfə ictimai-siyasi formasiya dəyişib, Azərbaycan sabit inkişaf dövrünə məhz ötən əsrin 60-cı illərinin sonundan, Ulu Öndər ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra qədəm qoyub. Hətta o zamankı İttifaq çərçivəsində belə tam şəkildə feodal təfəkkürdən çıxa bilməyən cəmiyyətin, iqtisadi gerilik, zəngin tarixi-mədəni irsin isə nihilist-bolşevik təfəkküründə ərimək üzrə olduğu bir dövrdə Ulu Öndər Azərbaycana yeni nəfəs vermiş, ölkə inkişaf dövrünə qədəm qoymuşdu. Dahi Liderin siyasi hakimiyyətdən 6 illik kənarlaşdığı dövr isə Azərbaycan tarixinin ən ağır və utanc səhifələrinin yaşandığı perioda çevrildi. Bütün bu yaşananlar isə xalqın gen yaddaşına çevrildi və bu gün də üzərindən yarım əsrlik bir zamanın keçməsinə baxmayaraq hər bir azərbaycanlı Heydər Əliyev siyasi kursunun əhəmiyyətini, bu kursun davamlılığının ümummilli zərurət olduğunu dərk edir. Xüsusən, bu kursun parlaq davamçısı, milli özünüdərk və inkişafı yeni mərhələyə yüksəltmiş İlham Əliyev şəxsiyyətinin rolu nəinki Azərbaycan xalqı, bütövlükdə Cənubi Qafqaz başda olmaqla, bütün regionumuzda təsirli iz buraxmaqdadır. Siyasi suverenliyimizin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə Konstitusiya quruluşunun bərqərar olunmasına məhz cənab İlham Əliyevin rəhbərliyi altında nail olunub. Əsrlərdir, məğlubiyyətlərə adət etmiş, itkilər verməkdə davam edən bir toplumdan, qalibiyyət anlayışını unutmuş bir xalqdan müzəffər topluma məhz möhtərəm İlham Əliyevin sayəsində çevrilə bilmişik. Bu xalq məhz Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyevin qətiyyəti ilə 3 il ərzində düşməni 2 dəfə kapituliyasiyaya məcbur edən qalibə çevrilib. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, həyata keçirilən iqtisadi və siyasi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan tarixinin ən güclü dövrünə qədəm qoyub. Bu mənada, qədirbilən Azərbaycan xalqı və xalqın səs hüququna malik 700 min siyasi fəal vətəndaşının birləşdiyi bir partiyanın da növbədənkənar prezident seçkilərində iradəsinin məhz cənab İlham Əliyevin üzərinə fokuslanması çox təbiidir. Bu gün isə biz tam yeni inkişaf dövrünə qədəm qoymuşuq və yeni - qalib və qüdrətli Azərbaycanda Heydər Əliyev siyasi kursu və şəxsən cənab İlham Əliyev siyasi təfəkkürünə, Onun  müzəffər rəhbərliyinə əvvəlki dövrlərdən daha çox möhtacıq”, - deputat bildirib.

pravda.az

Xəbərlər