“İğdır-Naxçıvan qaz kəmərinin Muxtar Respublikada sosial inkişafa da təsiri böyük olacaq”
“Türk dünyasının iki böyük oğlu - Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdikləri ölkələri dünyada böyük nüfuz sahibinə çeviriblər. Bu gün, həqiqətən də, dünya xəritəsində günü-gündən inkişaf edən, böyük söz sahibi, qlobal proseslərə təsir imkanları geniş, beynəlxalq əhəmiyyətli nəhəng layihələrin müəllifi Azərbaycan və Türkiyə var. Hər iki liderin istər regionda, istərsə də dünyada sülh və təhlükəsizliyə, sabitliyə verdikləri töhfənin misli yoxdur. Onlar həmçinin uzun illər uzaq düşmüş iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdırdılar, həmrəy etdilər. Əminliklə deyə bilərik ki, dünyada Azərbaycan və Türkiyə qədər yaxın, dost və qardaş ölkə yoxdur. Hər zaman qardaşlıq duyğularından çıxış edən ölkələrimiz dar gündə də, şad gündə də bir-birinin yanındadırlar. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfər yoluna çıxarkən Türkiyə dövlətinin və xalqının verdiyi mənəvi-siyasi dəstəyi biz heç vaxt unutmayacağıq. Cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” sözləri həm işğalçı dövlətə, həm də onun havadarların böyük psixoloji zərbə oldu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Hər iki liderin həmçinin Türk dövlətlərinin yaxınlaşmasında, təşkilatlanmasında, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsində, nüfuzunun və sıralarının artmasında xidmətləri böyükdür. Məhz onların siyasi bacarığı, təşəbbüskarlığı, qətiyyəti sayəsində Türk Dövlətləri Təşkilatı böyük perspektivlər vəd edən, dünya siyasətində mühüm rol oynayan real güc mərkəzlərindən birinə çevrilib. Bu gün Türk dövlətləri arasında coğrafi bağın bərpası üçün real zəmin yaranıb. Bu missiyanın müəllifi də bilavasitə Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi açıldıqdan sonra Türk dövlətləri, o cümlədən Türkiyə ilə əlaqələrimiz daha da genişlənəcək və buna heç bir şübhəmiz yoxdur”, - Milli Məclisin deputatı deyib.
Onun sözlərinə görə, qardaş ölkələr arasında münasibətlərin dərinləşməsinə daha bir töhfə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də ölkəmizə səfəri oldu: “Səfər zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi və dövlət başçıları mərasimdə iştirak etdilər. Qurucu və yaradıcı xüsusiyyətlərə malik hər iki liderin təşəbbüsü ilə ərsəyə gələcək İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaza tələbatının tamamilə ödənməsinə vəsilə olacaq, sosial vəziyyətə müsbət təsir edəcək, Muxtar Respublikanın iqtisadi inkişafına təkan verəcək. İldə 730 milyon kubmetr ötürücülük qabiliyyətinə sahib kəmər vasitəsilə qaz nəqlini hətta gələcəkdə iki dəfədən çox artırmaq imkanı var. Səfər zamanı həmçinin qardaş ölkələr arasında Qars-Naxçıvan dəmir yolu layihəsi, Kahramanmaraş vilayətində tikinti işləri və bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsinə dair sənədlər imzalandı. Bütün bunlar bir daha göstərir ki, əlaqələrimiz bütün sahələri əhatə etməklə durmadan genişlənir”.
AHİK sədri əlavə edib ki, dünyada mürəkkəb proseslərin getdiyi bir məqamda qardaş və strateji müttəfiq ölkələrin dövlət başçılarının bir araya gəlməsi, məsləhətləşmələr aparması olduqca əhəmiyyətlidir: “İnanırıq ki, Prezident İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın budəfəki görüşü qardaş dövlətlərin həmrəyliyini möhkəmləndirəcək, əməkdaşlığını artıracaq”.
pravda.az