Ümumi 9 Fevral 2023, 17:07 | Baxış sayı: 139
"İddia olunur ki, Azərbaycan silahları Ukraynaya satılır, bu, əsassız məlumatdır"

“Bu günlərdə Qubad İbadoğlu status yazıb ki, indiki həssas məqamda, dünyanın yeni nizamının formalaşdığı bir vaxtda guya Azərbaycan silahları Ukraynaya satılır, Rusiya-Ukrayna müharibəsində istifadə olunur. Bu, əlbəttə ki, əsassız bir ittihamdır. Belələri yaxşı başa düşürlər ki, onlar bununla birbaşa Azərbaycana, dövlətimizə, xalqımıza qarşı olan qüvvələrə öz dəstəklərini ifadə edir, həmin qüvvələrdən aldıqları tapşırıqları yerinə yetirirlər. Bu, hələ də təsdiqini tapmamış məlumatdır. Hansısa saytda dəqiqləşdirilməmiş verilən məlumatı dərhal tirajlmaq Azərbaycana qarşı bəzi media resurslarının, qüvvələrin indiki həssas bir məqamda təsir etmək niyyətini daha da artırır. Əslində bütün bunlar hamısı iflasa uğramış məsələlərdir. Birincisi, Azərbaycanın çox güclü müdafiə sənayesi mövcuddur. Azərbaycan müasir silah-sursat istehsal etməklə öz silahlarını başqa ölkələrə də satır, müqavilələrimiz ilbəil artır. Belə olan halda, hansısa ölkə də Azərbaycandan alınmış silahlardan üçüncü-dördüncü dövlətlər üzərindən müharibədə istifadə edə bilərlər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, uzun illər ərzində qaragüruhçu qüvvələr Azərbaycana qarşı informasiya müharibəsində iştirak ediblər və həmişə iflasa uğrayıblar: “Bu dəfə də belə olacaq. Belə cılız addımlarla Azərbaycanı öz haqq yolundan heç bir qüvvə döndərə bilməz. Azərbaycan bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasətini uğurla davam etdirir. Bundan sonra da belə olacaq. Bu gün dünya azərbaycanlıları həmrəylik nümayiş etdirir. Daha güclü Azərbaycan qurmaq naminə hər kəs əlindən gələni etməlidir. Azərbaycanın nüfuzu dünyada durmadan artır. Əlbəttə, bunun kökündə ilk növbədə cənab Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, düzgün siyasət dayanır. Bu siyasətin nəticəsində ölkəmizin iqtisadi qüdrəti artır, iqtisadi əlaqələri daha da möhkəmlənir. Bu gün Azərbaycan xüsusən Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı, tərəfdaş bir ölkəyə çevrilib. Ölkəmiz strateji müttəfiqləri ilə əlaqələrini daha da möhkəmləndirir. Azərbaycanın diplomatik sahədə qələbələri davamlıdır. Xüsusən son illər ərzində görürük ki, ölkəmizin artan nüfuzuna, hörmətinə, milli birliyinə təhdid yaratmaq niyyəti ilə böyük informasiya resursları vasitəsilə qarayaxma, böhtan kampaniyası aparılır, əsassız ittihamlar səsləndirmək missiyası həyata keçirilir. Bunun kökündə ölkəmizin artan nüfuzuna xələl gətirmək niyyətində olan qüvvələr, erməni lobbisi və bəzi dairələr dayanır. Onlar əlbir fəaliyyət göstərərək Azərbaycana təsir etmək niyyətindədirlər. “Sapı özümüzdən olan baltalar” müəyyən dairələrin tapşırığını yerinə yetirir, onlara xoş gəlmək niyyəti ilə Azərbaycana qarşı heç bir fakta söykənməyən əsassız ittihamlar səsləndirirlər. Bu, dövlətə, dövlətçiliyimizə, ilk növbədə xalqımıza xəyanət etməkdən başqa bir şey deyil…”

Xəbərlər