Cəmiyyət 17 Oktyabr 2022, 11:51 | Baxış sayı: 219
"İddia edirlər ki, guya İsa Qəmbər həmin vaxt xeyli səs topladı, guya o, prezident seçilməli idi"

“2003-cü ilin 15-16 oktyabr hadisələrindən 19 il ötür. Hər il bu tarixdə müxalifət siyasi dairələri həmin hadisələri müzakirəyə çıxarır, yenə də özlərinə məxsus ittihamlar, yalan, iftira istehsalı, ifrazı ilə məşğul olurlar. Əslində həmin tarixdə nə baş vermişdi? Məlum olduğu kimi, 2003-cü il 15 oktyabr tarixində Azərbaycanda Prezident seçkiləri keçirildi. Bu seçkilərdə 8 namizəd iştirak edirdi. Yeni Azərbaycan Partiyasını İlham Əliyev təmsil edirdi. Seçkilərin nəticəsinə görə, Azərbaycan xalqının mütləq əksəriyyəti məhz cənab İlham Əliyevə səs verdi, onu Azərbaycan Prezidenti seçdi. Səbəb də bəlli idi. Xalq seçim qarşısında qalmışdı, ya 1990-cı illərin əvvəllərinə - zülmətə qayıdış, ya da irəli getmək, Heydər Əliyev siyasətini davam etdirmək və Azərbaycanın parlaq gələcəyini təmin etmək. Müdrik xalqımız düzgün seçimini etdi, Heydər Əliyev siyasətinin davamına səs verdi, cənab İlham Əliyevi Prezident seçdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, həmin zamandan başlayaraq Azərbaycanın sonrakı inkişafının əsası qoyulub və dünyada söz sahibi olan bugünkü Azərbaycan dövləti formalaşıb: “Qalib, tarixi ərazilərini bərpa etmiş, regionda və dünyada yeni geosiyasi reallıqlar yaratmış Azərbaycan dövləti. Xalq çox müdrik addım atdı, cənab İlham Əliyevi seçməklə həm də öz gələcək uğurlarının əsasını qoydu, gələcəyin Müzəffər Prezidentini hakimiyyətə gətirdi. Ancaq müxalif siyasi dairələr yenə də cılız ambisiyalarından əl çəkmirlər. İddia edirlər ki, guya İsa Qəmbər həmin vaxt xeyli səs topladı, guya o, prezident seçilməli idi və s. AXC-Müsavat cütlüyü xalqı cəmi bir dəfə aldada bildi və hakimiyyətə gəldi. Xalq heç özü özünə bunu bağışlamadı, düz 1 il onların hakimiyyətinə, əslində hakimiyyətsizliyinə dözdü, onları siyasi hakimiyyətdən uzaqlaşdırdı və hakimiyyətə gələn yollarını birdəfəlik bağladı”.

 

E.Nəsirov deyib ki, müxalifətin ambisiyalı, yalan, iftira ilə dolu davranışlarının heç bir əsası yoxdur: “Müxalifət günahı özündə görsün və “niyə sosial bazamız yoxdur?” sualına cavab tapa bilsin. Birincisi, onların heç bir halda güclü siyasi liderləri yoxdur. Ulu öndər Heydər Əliyev dünya səviyyəli siyasətçi idi, dünya onu qəbul edirdi. Onun siyasi varisi İlham Əliyev də bu gün dünyanın ən güclü liderlərindən biridir, dünya onu məhz müzəffər lider, mahir diplomat kimi qəbul edir. Cənab İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş, hərbi zəfərə imza atmış lider kimi adını birdəfəlik Azərbaycan və dünya tarixinə həkk edib. Müxalifətin belə bir lideri varmı? Yoxdur. Onlar ancaq klaviatura arxasında, sosial şəbəkələrdə özlərini qəhrəman kimi təqdim edirlər. Soruşanda “partiyanızın nə qədər üzvü var?”, iddia edirlər ki, 50-60 min. Amma bir tərəfdən də “Siyasi partiyalar haqqında” qanunda siyasi partiyanın qeydiyyatı üçün 10 min nəfərin üzv olması tələbinə qarşı etiraz edir, bunun çox böyük rəqəm olduğunu deyirlər. 50-60 min üzvlərinin olması ilə bağlı dedikləri də əslində yalandır, həqiqətlə daban-dabana ziddir. 50-60 min üzvü olan partiya lideri heç vaxt 10 min nəfərlik partiyanın qeydiyyatı üçün üzvlük tələbindən qorxmaz, çəkinməzdi. Reallıqlar bunlardır. Ona görə də, radikal, xüsusilə müxalif dairələrin “Azərbaycanda demokratiya, söz azadlığı, sərbəst toplaşmaq azadlığı yoxdur” fikirləri heç bir tənqidə dözmür”.

 

Deputat vurğulayıb ki, Azərbaycanda əhalinin 80%-dən çoxu sosial şəbəkə istifadəçisidir: “Xalq nəyi istəyirsə, sosial şəbəkələrdə yaza, istədiyi fikri ifadə edə bilir. Hətta təhqirlərə, insanların işgüzar nüfuzlarına xələl gətirməyə qədər ifadələr işlətməkdən belə çəkinmirlər. Buna görə heç cəza da almırlar. Müxalifətin mitinq keçirməsi üçün Qaradağ rayonu ərazisində ayrıca yer ayrılıb. Qaradağ Bakının ən böyük rayonudur. Bakının 51%-i Qaradağın payına düşür. Onlar isə orda mitinq keçirmək istəmirlər. Səbəb də bəllidir, çünki sosial baza yoxdur. Kim onların ardınca gedib həmin yerdə mitinq keçirəcək? Müxalifət birinci növbədə papağını qarşısına qoyub düşünməlidir ki, “niyə bu günə düşmüşük?” Ona görə bu günə düşmüsünüz ki, xalqın sizə etimadı yoxdur. Xalqı bir dəfə aldatdınız, ikinci dəfə aldatmaq qeyri-mümkündür. Azərbaycan xalqının gözü tərəzidir, yaxşını pisdən ayırmağı çox gözəl bacarır, fəxr edir ki, bu xalqın Heydər Əliyev, İlham Əliyev kimi nəhəng tarixi şəxsiyyətləri var. Bugünkü uğurlarımızın kökündə də Heydər Əliyev siyasəti və cənab Prezidentimiz tərəfindən ona göstərilən sadiqlik dayanır”.

Xəbərlər