KOMİTƏ İCLASLARI 27 Yanvar 2022, 18:45 | Baxış sayı: 208
İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli deputatları yeni sessiyasının başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Fəzail İbrahimli iclasın gündəliyində komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələnin olduğunu söyləyib.

Komitə sədri əvvəlcə, 2021-ci ilin payız sessiyası ərzində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ötən sessiyada komitənin 4 iclası keçirilib, 6 məsələyə baxılıb. Komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”  qanun layihəsinin digər komitələrlə birgə keçirilmiş iclaslarda üç oxunuşda geniş müzakirələrində fəal iştirak ediblər.

Bildirilib ki, hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan, həmçinin elektron poçt vasitəsilə komitəyə daxil olmuş müxtəlif məzmunlu ərizə və məktublar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti ünvanlara göndərilib. Qeyd olunub ki, COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar parlamentin qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, habelə yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salındığından, ötən sessiya ərzində qəbullar onlayn və telefon rabitəsi vasitəsilə həyata keçirilib. Vətəndaşlara lazımi izahatlar verilib, onları narahat edən məsələlər qanun çərçivəsində həll edilib.

Fəzail İbrahimli payız sessiyası ərzində komitə sədrinin və üzvlərinin ölkəmizdə səfərdə olan qonaqlarla keçirdikləri görüşlərdən bəhs edib, Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etdiklərini deyib.

Bildirilib ki, ötən sessiya ərzində komitə üzvləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın anım tədbirlərində iştirak edib, şəhid ailələri və qazilərlə görüşüb, Zəfərimizin 1-ci ildönümü münasibətilə bölgələrdə keçirilən tədbirlərdə iştirak ediblər.

Sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təqdim edilib. Məlumat verilib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələri müzakirə olunacaq. Müxtəlif mövzularda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsindəki tədbirlərlə bağlı, habelə qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması məsələləri də iş planına daxil edilib.

Daha sonra “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Fəzail İbrahimli dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən, qanunun 8-ci maddəsinin ikinci hissəsində “təşkilat məsələlərində” sözləri “dini məsələlərdə” sözləri ilə əvəz edilir, üçüncü hissəsinin birinci cümləsində “rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi” sözləri “din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, ikinci cümləsində isə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin” sözləri “Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin” sözləri ilə əvəz edilir, maddənin yeddinci hissəsi ləğv olunur.

Qanunun 9-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana  10 gün müddətində məlumat verilməlidir.

Layihəyə əsasən, 12-ci maddənin ikinci və üçüncü hissələrində də müəyyən  dəyişikliklər aparılıb. Yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qeyd olunub ki, qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.

Tədbirdə parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim, şöbənin sektor müdiri Sarvan Sadıqov “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıblar.

Müzakirələr zamanı komitə sədrinin müavini Sahib Alıyev, komitənin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva, Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Anar İsgəndərov, Azər Badamov payız sessiyasında komitənin təqdirəlayiq fəaliyyət göstərdiyini söyləyiblər,  yaz sessiyasında görüləcək işləri məqsədəmüvafiq hesab ediblər, bir sıra təkliflərini səsləndiriblər.

Deputatlar “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər barədə də öz fikirlərini açıqlayıblar. Millət vəkilləri düzəlişlərin bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini bildiriblər, dövlət-din münasibətləri baxımından əhəmiyyətindən bəhs ediblər.

Müzakirələrdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qanun layihəsi barədə öz fikirlərini söyləyib, deputatların səsləndirdiyi məqamlara münasibət bildirib, sualları cavablandırıb.

İclasda komitənin 2021-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, 2022-ci ilin yaz sessiyasının iş planı təsdiq olunub.

Komitə üzvləri “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Xəbərlər