Ümumi 9 Mart 2023, 14:31 | Baxış sayı: 98
"Hərəm təfəkkürü ilə yaşayanların qadın hüquqlarından danışması yolverilməzdir"

"Bu gün cəmiyyətdə ən çox diqqət çəkilən, əlahiddə yanaşılan məsələlərdən biri, heç şübhəsiz ki, qadın hüquqlarıdır. Amma nədənsə cəmiyyətdə diqqət qadınların daha çox qarşılaşdığı sosial amillərə, aliment, məşğulluq kimi köklü problemlərə, 30 il davam etmiş işğal və təcavüzün nəticəsində qadınların məruz qaldığ məhrumiyyətlərə yox, süni surətdə şişirdilən "gender" trendlərinə yönəldilir.
Sirr deyil ki, qloballaşmanın təsiri ilə bəzi ultra meyllər ölkəmizə də əxz olunub, bu, bizi narahat edir, amma əminliklə demək olar ki, ayrı-ayrı cinayət və inzibati xəta xarakterli pozuntuları çıxmaq şərti ilə Azərbaycanda qarşısıalınmaz həddə çatmış gender əsaslı köklü problemlər yoxdur".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

"Biz yüksək ali dəyərlərə, böyük ailə ənənələrinə malik toplumuq və gender məsələlərini süni şəkildə şişirdərək Azərbaycanda ailə dəyərlərini, qadının Azərbaycan ailəsindəki müqəddəs mövqeyini sual altına almaq yolverilməzdir. Bu gün Azərbaycan qadınının dövlətin idarə olunmasında, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirakında heç bir əngəl yoxdur. Cənab Prezidentin Azərbaycan qadınlarına təbrik müraciətində də ifadə olunduğu kimi, “Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir”. Azərbaycan qadını bütövlükdə müstəqil dövlətimizin idarəçilik iyerarxiyasında ikinci şəxs, Qanunverici hakimiyyətdə isə birinci şəxs qismində təmsil olunur. Məhkəmə hakimiyyətinin həyata keçirilməsində isə, Konstitusiya Məhkəməsində sədr müavini, Ali Məhkəmədə kollegiya sədri, Naxçıvan Ali Məhkəməsində sədr, birinci instansiya məhkəmələrində də sədr və sədr müavini qismində Azərbaycan qadınları uğurla təmsil olunur. Bizə "qadın haqlarından" mühazirə oxumaq istəyənlər Afrikalı qadınları heyvanat parkında nümayiş etdirəndə Azərbaycan qadınının seçib-seçilmə haqqı var idi, yaxud onlar dərisinin rənginə görə qadınları ictimai binalara buraxmayanda Azərbaycan qadını hökumətdə təmsil olunurdu. Həm də özünün, ailənin ocağı - müqəddəs ana obrazını qorumaqla. İndi həmin ultra "müasir" ölkələrin, onların Azərbaycandakı 5-ci kolonunun, xüsusən hərəm təfəkkürü ilə yaşayan, qadına obyekt kimi baxan qüsurlu əxlaqa malik bəlli bir kəsimin qadın hüquqlarından, qadın və bütövlükdə insan haqlarından danışması, bu iyrənc prosesin könüllü iştirakçılarının isə Azərbaycan qadınını təmsil etməyə çalışması yolverilməzdir. Cəmiyyət olaraq bu gün qarşıda duran əsas vəzifələrdən biri təbliğat-maarifləndirmə mexanizmlərini işə salmaqla, qadını daim uca tutan milli ənənələri önə çəkməklə, Azərbaycan xanımının pak adının yeni “hüquq” trendlərinə qurban verilməsi cəhdlərinin qarşısını almaq olmalıdır", - deputat qeyd edib.

Xəbərlər