KOMİTƏ İCLASLARI 3 Noyabr 2021, 19:42 | Baxış sayı: 271
"Hərbi qulluqçuların həyat və sağlamlığının təminatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində həyata keçirilməsi müsbət hal kimi qiymətləndirilməlidir.

Noyabrın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim olunmuş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, iclasda komitənin sədri Ziyafət Əsgərov bildirib ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci iI 18 may tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə hazırlanıb və hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

Komitə sədri qeyd edib ki, layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, sığorta haqlarının ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, dövlət icbari şəxsi sığortanın aparılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət öz əksini tapıb.

Ziyafət Əsgərov bildirib ki, hərbi qulluqçuların həyat və sağlamlığının təminatı ilə bağlı işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində həyata keçirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki sığorta vəsaitlərinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin maliyyələşdirilməsinə yönəlməsi bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşmasına şərait yaradacaq, onların rifahının yüksəldilməsində mühüm addım olacaq.

Komitə sədri vurğulayıb ki, mövcud layihə qəbul edildiyi təqdirdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun bu sahədə idarəetmənin təkmilləşdirilməsinə və sığortaolunanların dövlət icbari şəxsi sığortasının təmin olunmasının gücləndirilməsinə xidmət edəcək.

Fikir mübadiləsindən sonra yekdil qərarla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərlər