"Hər bir əsaslı çağırış sülh üçün stimuldur"
“Keçirilən hər bir beynəlxalq səviyyəli tədbir iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların, eyni zamanda, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. İki ildən artıqdır ki, tarixi Zəfərinin reallıqlarını yaşayan Azərbaycan bu tədbirlərdə 30 illik işğal dövrü ilə yanaşı, postmünaqişə mərhələsinin də gerçəkliklərindən bəhs edir, sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi yeri və rolunu möhkəmləndirir.
Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu forum kimi dəyərləndirilən, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayan Münxen Təhlükəsizlik Konfransının hər il fevral ayında keçirilən görüşləri biri-birindən əhəmiyyətli hadisələrlə yadda qalır. Azərbaycan bu görüşlərdə fəal iştirakı, diplomatik təşəbbüsləri ilə diqqətdə olur. Ümumilikdə Münxen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Forumun builki – sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edildi. Dövlət başçısı İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, müsahibələri, “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” və “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzularında plenar iclaslarda iştirakı və Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırması diqqətlə izlənildi, həqiqətlərimiz əsaslı şəkildə şərh olundu. Azərbaycanın sülh tərəfdarı olduğu bir daha təsdiqləndi.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçının rəsmi dəvət olunması, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katiblərinin iştirakı Forumun beynəlxalq təhlükəsizliyin təmin olunmasında roluna işıq salır: “Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçılarından biridir. Hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edən Azərbaycan bunu atdığı addımları ilə təsdiqləyir. Hazırkı postmünaqişə dövründə günümüzün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini etdi və bu bəyanatı da səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.”
Əliabbas Salahzadə diqqəti “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda dövlət başçısı İlham Əliyevin ünvanlanan sualları əsaslı şəkildə, təmkinlə, diplomatik səviyyədə beynəlxalq ictimaiyyətə çatdırmasına yönəldib: “Cənab İlham Əliyev bir daha bu çağırışı etdi ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Bu işi gec yox, tezliklə tamamlayacağımıza ümid edirik. Bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.”
Millət vəkili onu da əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sərsəm bəyanatları, reallıqdan uzaq fikirləri ilə özünü gülüş hədəfinə çevirdi. Reallıq budur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqidir: “Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Gündəmdə yalnız sülh müqaviləsinin imzalanması məsələsi dayanır. Avropa İttifaqının bu prosesdə vasitəçiliyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü də bir çox məqamlara işıq saldı. Cənab İlham Əliyev görüşdən sonra televiziya kanallarına müsahibəsində müzakirə olunan məsələlərlə bağlı mövqeyini açıqladı-Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı fikirlərini açıqlayan dövlət başçısı İlham Əliyev bildirdi ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Bu, Azərbaycana qarşı əsassız bir ittihamdır.”
Əliabbas Salahzadə qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransının digər görüşləri kimi builki görüş də Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilir. Əsaslı şəkildə səsləndirilən hər bir bəyanat, çağırış regionda və beynəlxalq aləmdə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün stimuldur.