Siyasət 19 Sentyabr 2023, 18:43 | Baxış sayı: 106
"Hökumətə mənfi münasibətiniz ola bilər, amma bu, dövlətin taleyidir..."

“Azərbaycanda 26 partiya rəsmi qeydiyyata alındı. Bu partiyaların 23-ü hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı lokal anti-terror tədbirlərinə dəstək verib, qəhrəman Ordumuza zəfər arzulayır. Onların arasında Vəhdət Partiyası da var. Uzun illər Ermənistan sülhdən qaçır, fasilədən istifadə edib silahlanır, separatizmindən əl çəkmək istəmirdi. Qarabağda yaşayan ermənilərdə separatizm əhvali-ruhiyyəsi yaradırdı. Azərbaycan ərazisində 10 minə yaxın qoşun saxlayırdı, milyondan artıq mina döşəmişdi. Bu təxribatlar nəticəsində təkcə müharibədən sonra 314 vətəndaşımız həlak olub, 61-i yaralanıb. Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə hər cəhətdən daim diversiyanın şahidi olduq.  Xalqın içində çox ciddi hiddət var idi. Hamı hakimiyyətdən tələb edirdi ki, nə vaxt anti-terror tədbirləri keçiriləcək, ermənilər cəzalanacaq? Bu barədə yekdil fikir gördüm, başqa fikir görmədim. 23 partiya yekdilliyi nümayiş etdirib dövlətin, Ali Baş Komandanın iradəsi ətrafında birləşib, ona dəstək olub. Ancaq təəssüf ki, 3 partiya - Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Respublikaçı Alternativ partiyaları isə birliyə qoşulmayıblar. Ayrılıqda nə reaksiya verəcəklər, söhbət bundan getmir. Söhbət dostun-düşmənin bizi bir yerdə görməsindən gedir”.

 

Bu sözləri açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib. 

 

“Nə üçün? Axı burda nə pis bir şey var? Bilirəm, həmin partiyaların özləri də dəfələrlə hakimiyyət orqanlarını ittiham edirdilər ki, niyə anti-terror əməliyyatları keçirmirlər. Hətta zəiflikdə, üzüyolalıqda ittiham edirdilər. Dünyanın böyük dövlətlərinin nəzəri bura tuşlandığı, hətta BMT-nin xüsusi sessiyası işə başladığı gündə Azərbaycan Ordusu Azərbaycan millətinin və dövlətinin şərəfini ucaltmaqdan, tam bərpa etməkdən ötrü hamımızı sevindirən, cəsarətli və tamamilə doğru bir addım atıb. Silahlı Qüvvələrimiz qanunsuz hərbi birləşmələri aradan qaldırmaq üçün ciddi işlər görür, lokal anti-terror tədbirləri keçirilir. Mülki erməni sakinlərə toxunulmur. Azərbaycan vətəndaşı olmağa hazırlaşan bütün erməniləri qoruyuruq. Mən başa düşmürəm ki, belə olan təqdirdə Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov niyə belə edir? Birlikdə nə pis şey var? Axı burada dövlətimizin, millətimizin mənafeyindən söhbət gedir. Bu mənafedən necə kənarda durmaq olar? Bundan çox narahat oluram. Həqiqətən, demək məcburiyyətindəyəm, bəzən fikirləşirəm ki, doğrudanmı mən neçə illər bu insanlarla ağır vaxtlarda xalq hərəkatının birgə üzvü olmuşam, addım atmışam? Ay kişi, sənin düşmənçiliyin öz yerində, hökumətə mənfi münasibətin ola bilər, amma bu, millətin, dövlətin taleyidir, həm də yüz illərlə Azərbaycanın qarşısında duran, özünütanıma, özünübərpa prosesidir. Tarixi hadisə, dönəmdir. Bunu necə müdafiə etmək olmaz? Üzümü cəbhəçilərə, müsavatçılara, realçılara tuturam, bununla nə demək istəyirsiniz? Siz partiya rəhbərliyinizin bu həkətinə necə dözürsünüz? Burada Vətənin müdafiəsindən başqa nə ola bilər? Çox təəssüf edirəm...” 

pravda.az

Xəbərlər