"Həm Operativ Qərargahın, həm TƏBİB-in borcudur ki, vaxtında vətəndaşın lazımi xidmətini təşkil etsin".
Müşahidələr göstərir ki, əhalinin kütləvi şəkildə yoluxmasına səbəb onların poliklinikalara, xəstəxanalara axışmasıdır.
Bu məsələ ilə bağlı deputat Fazil Mustafa Modern.az-a danışıb. O, koronavirusla bağlı bəzi şeylərin hələ də dəqiqləşmədiyini deyib:
“Vaksin olunmuş və xəstəliyi ağır keçirən insanların olması göstərir ki, virusla bağlı bilmədiyimiz məqamlar var. Amma bütün hallarda vaksinasiya ümid yeri yaradır. Bəzən immuniteti qaldırmaq üçün müəyyən addımlar atmaq tələb olunur. Bunlardan biri də peyvənddir. Amma peyvəndin məcburi hala gətirilməsi doğru deyil. Odur ki, bütün vaksin vurulan polklinikaların, xəstəxanaların qarşısında sıxlıqlar yaranıb”.
Parlamentari vaksinasiya prosesində təşkilatçılığın xoşagələn vəziyyətdə olmadığı qənaətindədir:
“Həm də tibb personalı da çatmır, maaş çox aşağıdır. Pandemiyaya cəlb olunmuş tibb işçilərinin çoxu maaş ala bilmir. Hətta hərbiyə cəlb olunmuş həkimlər şikayət edirdilər ki, onların maaşı lazımi səviyyədə verilmir. Ona görə də ədalət təmin olunmursa, onların yaşam standartları ödənilmirsə, çətin olacaq. Bunu düşünmək lazımdır. Tibb işçilərinin çəkdiyi əziyyətin qarşılığını vermək lazımdır. Əks halda, heç kim bu prosesdə boynuna düşəni ürəkdən etmir və etməyəcək də”.
Vətəndaşların xəstəxana və poliklinikaların qarşısında sıxlıq yaratması ilə bağlı isə, deputat Musa Quliyev Bakupost.az-a bu fikirləri bildirib:
“Növbələri azaltmaqdan ötrü bütün resurslar oraya cəlb edilməlidir. Həm tibbi personal resursları, həm otaqlar, həm də gərək olarsa özəl klinikalarla müqavilə bağlayıb, onları da cəlb etmək lazımdır. Belə çıxır ki, vətəndaşlar gəlir, amma səhiyyə orqanları onların vaksinasiya prosesini vaxtında həyata keçirmir. Əlbəttə, bu doğru bir şey deyil. Həm Operativ Qərargahın, həm TƏBİB-in borcudur ki, vaxtında vətəndaşın lazımi xidmətini təşkil etsin. Necə yəni bizlik deyil, bu nə deməkdir? Deməli, bizlik deyil deyənlər aid olduqları yerdə deyillər. Onlar gecə-gündüz yatmalı deyillər. TƏBİB-in bütün personalı poliklinikaların, tibb müəssisələrinin qarşısında olmalıdır. Hamısı orada olmalıdır ki, o iş düzgün tənzimlənsin. Ölkədə karantin fövqəladə bir vəziyyətdir. Fövqəladə vəziyyətin həvalə edilməsi, idarəsi TƏBİB-ə, İTS-yə, Səhiyyə Nazirliyinə verilir. Əgər bunlarlıq deyilsə, o zaman kim etməlidir? Kənd Təsərrüfatı Nazirliyi gəlib etməyəcək ki?”.