Cəmiyyət 20 Sentyabr 2021, 17:13 | Baxış sayı: 239
Hələlik kiberqəsdlərdən yeganə mühafizə üsulu, nə qədər sadə olmasa da, diqqətli və ehtiyatlı olmaqdır".

“Şəxsi həyatla bağlı intim videoların paylaşılması üzrə cinayət işi açılsa belə, ölkə daxilində törədilənlər istisna olmaqla, digər hallarda bu kimi əməlləri törədənlərin ifşası və cinayət məsuliyyətinə cəlb edilməsi qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, bu cür cinayətlər adətən ölkə xaricindən reallaşdırılır. Təbii ki, vəziyyət belə davam edə bilməz, ona görə də bu istiqamətdə qlobal platformanın yaradılmasına başlanıb. Hələlik isə kiberqəsdlərdən yeganə mühafizə üsulu, nə qədər sadə olmasa da, diqqətli və ehtiyatlı olmaqdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, müasir dövrdə ictimai təhlükəli əməllərin xarakteri elmi texniki tərəqqinin inkişafı ilə paralel olaraq mürəkkəbləşməkdədir: "Əgər əvvəllər məkana yerləşdirilmiş gizli kameralar vasitəsi ilə şəxsin özündən xəbərsiz formada görüntü qeydə almaqla şəxsi həyata müdaxilə edilirdisə, hazırda hər şey zərərçəkən, adətən, iradəsi daxilində baş verir. Bu, bir tərəfdən şəxsin informasiya texnologiyaları ilə iş üzrə bilik və təcrübəsinin olmamasından qaynaqlanırsa, digər tərəfdən bütövlükdə cəmiyyətin müasir texnoloji vasitələrin könüllü əsirinə çevrilməsi ilə bağlıdır. Müasir insan faktiki olaraq hər tərəfdən kameraların nəzarətindədir, telefon, kompyuter, obyektlərin təhlükəsizlik kameraları, eyni zamanda küçələrdə müxtəlif strukturların quraşdırdığı kameralar və s. Təbii ki, cinayətkar ünsür də hər bir imkandan faydalanmağa çalışır və müasir proqram təminatları da buna şərait yaradır. Açıq etiraf etməliyik, müasir dövrdə dövlət bu kimi əməllərin qarşısında acizdir, çünki internet hansısa dövlətin sərhədləri daxilində idarə olunan məfhum deyil, qlobal tandemdir. Təbii ki, şəxsi həyata müdaxilə, eləcə də müxtəlif kibercinayət əməlləri cinayət məsuliyyəti yaradır, lakin problem subyekt olaraq cinayətə kimin cəlb olunmasıdır. Konkret bizim qanunvericiliyə baxsaq deyə bilərəm ki, Cinayət Məcəlləsi bu kimi əməlləri tam formada əhatələmir, yalnız "Kompyuter informasiyası sahəsində cinayətlər" adlı 30-cu fəsil var ki, orada da kibertəhdidlərə fərqli rakursdan yanaşılır. Məsələn, Məcəllə kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, sistemə və ya məlumatlara qanunsuz müdaxilə, məlumatların saxtalaşdırılması kimi məqamlardan kənara çıxmır. Məsələ isə bu qədər bəsit deyil. Yəni anlamalıyıq ki, Məcəlləyə dəyişiklik etməklə məsələ həll olunmayacaq".

Xəbərlər